“AMEA-nın yaranma tarixi 1920-1945-ci illər” kitabı ictimaiyyətə təqdim olunub
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru Zemfira Hacıyevanın rus dilində çapdan çıxmış “AMEA-nın yaranma tarixi 1920-1945-ci illər” kitabı təqdim edilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2025-ci ilin mart ayında Azərbaycanın elm məbədi olan Elmlər Akademiyasının yaranmasının 80 illiyinin tamam olacağını, yubileyin yüksək səviyyədə təşkili məqsədilə AMEA Rəyasət Heyəti tərəfindən Komissiya yaradıldığını və tədbirlər planının təsdiqləndiyini bildirib.
“AMEA-nın yaranma tarixi 1920-1945-ci illər” kitabının təqdimatı akademiyanin 80 illik yubileyinə həsr olunmuş ilk tədbirlərdən biri kimi mühüm əhəmiyyət daşıyır”, - deyən akademik İsa Həbibbəyli nəşrin müəllifinin elm tarixi üzrə mütəxəssis olduğunu, Azərbaycan tarixinə dair sanballı tədqiqatlar apardığını qeyd edib. O, Zemfira Hacıyevanın müxtəlif tarixi faktlar əsasında qələmə aldığı məqalələrini, elm tarixi istiqamətində apardığı araşdırmalarını, AMEA-ya dair tədqiqatlarını, eləcə də Azərbaycanda elmin təşkilatlanmasının XX əsrdəki ilkin mərhələsi olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinə, akademiyanin sonrakı inkişaf dövrlərinə, prezidentlərinə və institutlarına həsr olunmuş yazılarını toplayaraq bir neçə cilddə külliyyat halında nəşrə hazırlamağın mümkünlüyünü vurğulayıb.
“Kitabda AMEA-nın tarixi elm tarixinin mühüm hadisəsi hesab edilir, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ölkəmizdə elmi-təşkilati qurumun yaradılmasının başlanğıcı olduğu bildirilir. Həmçinin indiyədək az öyrənilmiş SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsinə dair tədqiqatlar kitabda yer alır”, - deyə AMEA rəhbəri diqqətə çatdırıb.
AMEA prezidenti kitabın Moskvada rus dilində çap olunmasının Azərbaycan elminin dünya elmi mühitinə çatdırılması baxımından önəmini qeyd edib.
Çıxışının sonunda akademik İsa Həbibbəyli AMEA-nın 80 illiyi ilə bağlı axtarışlara başlanıldığını deyib, yubileylə bağlı olaraq ilk dəfə 1923-cü ildən bu günədək AMEA-nın bütün nizamnamələrinin çap edildiyini diqqətə çatdırıb.
Sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova çıxış edərək kitabda əsas bölmənin Biologiya və Tibb Elmləri Bölməsi ilə bağlı olduğunu söyləyib. Bildirib ki, nəşrdə bölmənin tabeliyindəki institutlar, təbiətşünaslıq sektoru, müəssisələrdə aparılmış elmi-tədqiqat işləri, əldə olunmuş elmi nəticələr, eləcə də Qafqaz florasının öyrənilməsi, zoologiya, biologiya sahələri haqqında məlumatlar yer alıb. Həmçinin Mərkəzi Nəbatat Bağının fəaliyyətə başlaması, Dendrologiya İnstitutunun yaranma tarixi barədə məlumat verilib.
Akademik İradə Hüseynova nəşrin Azərbaycan dilində də çap olunmasının zəruriliyini qeyd edib.
Tədbirdə, həmçinin professor Fəzail İbrahimli, Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri professor Rəbiyyət Aslanova, AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi və digər çıxış edənlər ölkəmizin və xalqımızın tərəqqisində mühüm rol oynamış AMEA-nın tarixindən, Azərbaycanda elmin inkişafında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıblar.
Qeyd olunub ki, elmi arxivlərdən əldə edilmiş nadir tarixi sənədlər əsasında hazırlanmış kitabda fundamental və tətbiqi elmlərin təşəkkülü, onların inkişaf yolları təhlil edilib.
Sonda nəşrin müəllifi tarix elmləri doktoru Zemfira Hacıyeva çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, kitabın elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir.