AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ YENİ SEÇİLMİŞ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB BARAK OBAMAYA
Hörmətli cənab Barak Obama,
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Seçkilərdə qazandığınız qələbə dost Amerika xalqının şəxsən Sizə, tutduğunuz siyasi xəttə böyük inam və etimadının aşkar sübutudur.
Biz Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlərə xüsusi əhəmiyyət veririk. Bu münasibətlər böyük təkamül yolu keçmiş, dostluq və əməkdaşlığımız hazırkı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Bu gün bir çox sahələrdə, xüsusən də enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindən biridir.
Biz xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlarının səylərini alqışlayır, münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri əsasında tezliklə öz həllini tapacağına, Ermənistanın təcavüzünə son qoyulacağına və işğal edilmiş torpaqlarımızın azad ediləcəyinə böyük ümidlər bəsləyirik.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da uğurla inkişaf edəcəkdir.
Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, səadət, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
5 noyabr 2008-ci il.