Amerikanın azərbaycanlı gəncləri dünya birliyini erməni təcavüzünü dayandırmağa səsləyir
Bakı, 3 oktyabr, AZƏRTAC
Şimali Amerika Azərbaycanlı Gənclər Assosiasiyası Ermənistanın ölkəmizə qarşı apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda sentyabrın 27-də Ermənistan hərbi birləşmələrinin Azərbaycana qarşı təxribatı, iriçaplı pulemyotlar, minaatanlar və ağır artilleriya vasitələrindən istifadə etməklə ordumuzun cəbhəboyu mövqelərini, eləcə də dinc sakinləri atəşə tutması, nəticədə xeyli sayda mülki şəxsin həlak olması, yaralanması, yaşayış evlərinə ciddi ziyan dəyməsi barədə məlumat verilir. Eyni zamanda, iyul ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədini pozaraq Tovuz rayonuna təcavüzü, hərbçilərimizin və bir mülki şəxsin qətlə yetirildiyi xatırladılır.
Bəyanatda, həmçinin BMT Təhlükəsizlik Şurasının “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” müvafiq qətnamələrinin qəbulundan təxminən 30 il ötməsinə baxmayaraq, onların hələ də icra olunmadığı təəssüflə yada salınır.
Amerikanın azərbaycanlı gəncləri dünya birliyini, beynəlxalq təşkilatları Ermənistan dövlətinə təcavüzkar siyasətini dayandırması və işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxması, Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara riayət etməsi üçün təsir göstərməyə çağırır.