Amin Məmmədov: Su ehtiyatlarının idarə olunması qlobal prioritetə çevrilib VİDEO
Bakı, 20 may, AZƏRTAC
Müasir dövrdə mənzil və şəhərsalma məsələlərinə yalnız icmalar çərçivəsində deyil, daha geniş və kompleks yanaşma kontekstində baxılması vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Su mərkəzli ərazi inkişafı üzrə Azərbaycan, Kolumbiya və Latın Amerikası təcrübəsi” müzakirələrdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yeni urban ərazilərin formalaşdırılması və planlaşdırılması proseslərinin yenidən nəzərdən keçirilməsi dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.
“Hazırda müzakirə olunan əsas istiqamətlərdən biri olan su ehtiyatlarının idarə olunması həm qlobal miqyasda, həm də ayrı-ayrı ölkələr üçün strateji önəm kəsb edir. Bu məsələ xüsusilə iqlim dəyişikliklərinin təsirlərinin artdığı dövrdə daha da aktuallaşır. İqlim dəyişiklikləri fonunda su qıtlığı getdikcə ciddi çağırışa çevrilir və bu, şəhər planlaşdırılması, infrastruktur inkişafı və ekoloji balansın qorunması baxımından yeni yanaşmaların tətbiqini zəruri edir”, - deyə Amin Məmmədov qeyd edib.