SİYASƏT
Amsterdamda Zəfər Gününə həsr edilmiş tədbir keçirilib
Haaqa, 12 noyabr, AZƏRTAC
Niderland Krallığının Amsterdam şəhərində xalqımız üçün əlamətdar gün olan 8 Noyabr - Zəfər Gününə həsr edilmiş konsert təşkil edilib.
AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Azərbaycanın Niderland Krallığındakı səfirliyinin heyəti, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, xarici ölkələrin Niderland Krallığında akkreditə olunmuş səfirləri və diplomatik korpusun nümayəndələri, Niderland Krallığının ictimai-siyasi xadimləri, Azərbaycan və Türk icmalarının üzvləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Muzey meydanında yerləşən tarixi və nüfuzlu məkan olan Concertgebouw-da (“Konsert Məkanı”) keçirilən konsert proqramında “Cəngi” etno-caz qrupunun ifasında Azərbaycan və dünya klassiklərinin əsərləri ilə yanaşı, Azərbaycan xalq və caz musiqiləri də səsləndirilib.