“Ana vətən” mövzusunda tədbir şəhid anası Rəfiqə Əsgərovanın 85 illiyinə həsr olunub
Bakı, 3 mart, AZƏRTAC
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası, “Şəhid anaları” İctimai Birliyinin sədri Rəfiqə Əsgərovanın 85 illiyinə həsr olunan “Ana vətən” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə ölkənin tanınmış ziyalıları, veteranlar, şəhid ailələrinin nümayəndələri iştirak ediblər.
Pedaqogika üzrə fəlsəfə doktoru, şəhid anası Rəfiqə Əsgərovanın müəllifi olduğu çoxsaylı kitabların sərgisinin də təşkil olunduğu tədbirin məqsədi yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, Vətən uğrunda döyüşlərdə şücaət göstərmiş Milli qəhrəmanların təbliği və şəhid analarının bu istiqamətdə gördüyü işlərin əhəmiyyətini ictimaiyyətə çatdırmaqdır.
Kitabxananın müdiri, Əməkdar mədəniyyət işçisi Zəminə Bayramova, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin baş dirijoru, Xalq artisti, general-mayor Yusif Axundzadə, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Respublika “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, Mərkəzi Zabitlər Evinin təbliğat və hərbi kütləvi iş bölməsinin rəisi, kapitan Ramil Qasımov, yazıçı-publisist Azər Hacıbəyli və başqaları çıxış edərək Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin mübarizliyindən və qəhrəmanlığından, o cümlədən Gültəkin Əsgərovanın keçdiyi həyat və döyüş yolundan söhbət açıblar.
Qeyd edilib ki, şəhidlik zirvəsinə yüksələn vətən övladlarının adları tarixdə həmişə qalacaq. Azərbaycan dövləti qəhrəmanlarına həmişə böyük hörmətlə yanaşır, onların xatirələrini əbədiləşdirir. Milli Qəhrəman Gültəkin Əsgərovanın şücaəti, vətənpərvərliyi, qəhrəmanlığı və şərəfli ömür yolunun gənc nəslə nümunə olduğunu bildirən natiqlər belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynadığını söyləyiblər.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların ailələrinə hər zaman yüksək diqqət və qayğı göstərir. Ötən il dövlətimizin başçısının prezident seçildikdən sonra imzaladığı ilk Fərman məhz şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub. Bir müddət əvvəl dövlətimizin başçısının şəhid ailələri ilə görüşü, onların problemlərini, qayğılarını dinləməsi ölkə başçısının şəhid ailələrinə münasibətinin daha bir göstəricisi idi.
Çıxışçılar dövlətimizin başçısının apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın tezliklə erməni işğalından azad olunacağına əminliklərini ifadə ediblər.
Tədbirdə Rəfiqə Əsgərovanın müəllifi olduğu “Gültəkin zirvəsi” adlı kitab və digər nəşrlər barədə məlumat verilib.
Milli Qəhrəmanın anası R.Əsgərova Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinə göstərilən dövlət qayğısından danışıb, igid qızı haqqında kövrək xatirələrini bölüşüb, belə şərəfin hər ailəyə nəsib olmadığını fərəh hissi ilə deyib. Şərəfli döyüş yolu keçmiş Gültəkin Əsgərovanın xatirəsini uca tutduqları üçün tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin üzvlərinin ifasında hərbi vətənpərvərliyi tərənnüm edən həzin musiqilər səsləndirilib.
Qeyd edək ki, Gültəkin Əsgərova hərbi həkim kimi onlarla insanın həyatını xilas edib. 1992-ci il iyunun 20-də Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşlərdə öz xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub. O, göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Prezidentinin 1993-cü il 20 noyabr tarixli Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.