CƏMİYYƏT
Anadolu Agentliyinin nümayəndəsi: COP29-da aparılacaq müzakirələr iqlim strategiyalarına istiqamət verəcək
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycanda keçiriləcək COP29 bütün dünya üzrə iqlim sahəsində çalışan mütəxəssislərin, jurnalistlərin və alimlərin diqqət mərkəzində olacaq. COP29 zamanı iqlim dəyişikliyi, karbon emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrindən istifadə, ekosistemlərin qorunması və ətraf mühitə dair çox vacib mövzular müzakirə ediləcək. Bu müzakirələrdən çıxan nəticələr gələcək iqlim strategiyalarına istiqamət verəcək və onun əsasında iqlim sahəsində yeni qərarlar qəbul ediləcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Anadolu Agentliyinin Ətraf mühitə dair xəbərlər departamentinin direktoru Hale Aydoğmuş “COP29 və dayanıqlı media təcrübələri” mövzusunda təlim çərçivəsində söyləyib.
Hale Aydoğmuş bildirib ki, bu qərarların geniş auditoriyaya çatdırılması və onların düzgün formada izah edilməsi, həmçinin qərarların sonrakı inkişaf mərhələsində diqqətlə izlənilməsi vacibdir: “İqlim məsələləri üzrə mütəxəssislər və jurnalistlər bu tədbirdən alınan məlumatları geniş ictimaiyyətə dəqiq və ətraflı şəkildə çatdırmaqla insanların iqlim dəyişikliyi ilə bağlı məlumatlılığını artırmağa kömək edə bilərlər. Müzakirələrdən sonra çıxarılan qərarların dəyərləndirilməsi və ictimaiyyətlə düzgün ünsiyyət iqlim dəyişikliyi ilə mübarizədə qlobal səyləri bir araya gətirmək üçün mühüm əhəmiyyət daşıyır”.
H.Aydoğmuş əlavə edib ki, “COP29 iqlim siyasətindəki dəyişikliklərin və yeniliklərin yaradılmasında açar rolunu oynayacaq: “Bu səbəbdən biz də bu qərarları dərindən anlayaraq onların izləyicisi olmalıyıq”.
Qeyd edək ki, “COP29 və dayanıqlı media təcrübələri” təlimi MEDİA Agentliyinin və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.