Anaklaudia Rossbax: Qlobal mənzil böhranının həlli üçün siyasi-texniki əməkdaşlığın gücləndirilməsi vacibdir VİDEO
Bakı, 21 may, AZƏRTAC
Qlobal mənzil böhranının həlli üçün məlumatlara çıxışın genişləndirilməsi, praktik təcrübənin qərarverməyə inteqrasiyası və siyasi-texniki əməkdaşlığın gücləndirilməsi vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” sessiyasında səsləndirib.
Anaklaudia Rossbax bildirib ki, məlumatların mövcudluğu və onlara çıxış imkanları ölkələr arasında fərqlənir, bu isə problemlərin tam mənzərəsinin formalaşdırılmasına mane olur. Onun sözlərinə görə, yalnız elmi araşdırmalara deyil, sahədə çalışan praktik mütəxəssislərin təcrübəsinə də daha çox yer verilməlidir.
UN-Habitat rəhbəri qeyd edib ki, şəhərsalma və mənzil siyasəti təkcə texniki deyil, həm də siyasi qərarlar tələb edir və bu səbəbdən liderlər, ekspertlər və yerli icmalar arasında daha çevik əməkdaşlıq mexanizmləri qurulmalıdır.
Anaklaudia Rossbax vurğulayıb ki, Bakıda keçirilən WUF13 çoxtərəfli əməkdaşlığın yeni yanaşmalarını müzakirə etmək üçün platforma yaradıb və WUF14-ə gedən yolda qlobal qərarlarla yerli reallıqlar arasında əlaqələrin gücləndirilməsinə töhfə verəcək.