CƏMİYYƏT
Analitik Ekspertiza Mərkəzinin əməkdaşları özəl klinikada yoxlama apararkən müqavimətlə üzləşiblər

Bakı, 24 yanvar, AZƏRTAC
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) yoxlayıcı-mütəxəssisləri tərəfindən yanvarın 22-də Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, məhəllə 507-511 ünvanında yerləşən “Laser Beauty Estetik Klinikası” MMC–yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses yanvarın 23-də davam etdirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərin sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinin qanunauyğunluğu araşdırılıb.
Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Dərman vasitələrinin saxlanıldığı soyuducularda termometr aşkar edilməyib, həmçinin “temperatur qeydiyyat vərəqəsi” aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin “radioloji-gigiyenik pasport sənədi” yoxlamaya təqdim olunmayıb.
Müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub.
Həmçinin, müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.
Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub.
Xüsusilə qeyd edək ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalara şikayət edərək, işdən çıxartdırılmaqla hədələyiblər) və müqavimət göstərilib. Yoxlamanın nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina ediblər.
Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür.