İQTİSADİYYAT
Anar Cəbrayıllı: Daşaltı kəndi yaxınlığında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib
Şuşa, 1 mart, AZƏRTAC
Şuşa rayonunun Daşaltı kəndi yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.
Onun sözlərinə görə, mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 kilometr uzunluğunda kəmər inşa edilib.
A.Cəbrayıllı əlavə edib ki, nasos stansiyasında hər birinin məhsuldarlığı saatda 105 kubmetr təşkil edən 4 ədəd aqreqat quraşdırılıb. O, sutoplayıcı bənddən götürülən su nasoslar vasitəsilə 26-27 atmosfer təzyiqlə Şuşa şəhərində yerləşən anbarlara nəql olunur və buradan özüaxımlı rejimdə şəbəkəyə ötürülür.
Bununla da şəhərdəki obyektlər, hotellər və digər ictimai-iaşə müəssisələri, yaşayış olan evlər və dövlət qurumlarının inzibati binaları 24 saat içməli su ilə təmin edilir.
Şöbə rəisi xatırladıb ki, Şuşa şəhərinin bir mənbədən asılılığını aradan qaldırmaq üçün Zarıslı sugötürücü qurğusu, 11 kilometr uzunluğunda Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələri bərpa olunub və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilişi təmin edilib.
O qeyd edib ki, 2021-ci ilin sonlarında Şuşa şəhərinin içməli su təchizatının yenidən qurulması layihəsinin ilkin mərhələsi üzrə işlərə başlanılıb. Layihə çərçivəsində Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 kilometrlik hissəsi dəyişdirilib.