ANATOLİ KONSTANTİNOV: HEYDƏR ƏLİYEVİN QƏRARLARININ DÜZGÜNLÜYÜNÜ HƏYAT ÖZÜ SÜBUT EDİRDİ
- Bakı Hava Hücumundan Müdafiə Dairəsi qoşunlarının komandanı, Azərbaycan KP MK Bürosunun üzvü, Azərbaycan Respublikasından iki çağırış SSRİ Ali Sovetinin deputatı olduğuma görə xidməti vəzifəmlə və birgə işimizlə əlaqədar Heydər Əliyeviçlə tez-tez görüşmək lazım gəlirdi. O, tapşırılmış iş üçün həmişə yüksək məsuliyyət hissi ilə fərqlənir və bunu tabeliyində olanlardan da tələb edirdi. Prinsipiallıq və əzmkarlıq, insanlara sərt və eyni zamanda hörmətcil münasibət Heydər Əliyeviçin xarakterinin fərqləndirici xüsusiyyəti idi.
Bütün istiqamətlərdə - elm və mədəniyyət, incəsənət, sənaye, kənd təsərrüfatı, idman sahəsində, sosial məsələlərdə respublikanın ahəngdar və ardıcıl inkişaf etməsi onun daim diqqət mərkəzində olurdu. Həmişə deyirdi ki, əgər iqtisadiyyatın inkişafında uğurlar qazanmaq istəyiriksə, bütün səviyyələrdə yaxşı hazırlığa malik kadrlarımız olmalıdır. Kadrların seçilməsi, hazırlanması, tərbiyə edilməsi, onlara lazımi məqamda dəstək verilməsi – bütün bunlar Heydər Əliyeviçə xas cəhətlər idi.
Yadımdadır, bir dəfə Heydər Əliyeviçin yanında idim, kənd təsərrüfatı üzrə katib gələrək məlumat verdi ki, dənli bitkilərin məhsuldarlığı yüksəkdir, amma yığım üçün kombayn çatışmır. Heydər Əliyeviç onu dinləyib, Moskvada sənaye ilə məşğul olan Andrey Kirilenkoya zəng vurdu, kömək göstərməyi xahiş etdi. Məsələ yerindəcə həll olundu.
Onun dövründə respublika möhkəmlənir və inkişaf edirdi, xalq öz qüvvə və imkanlarına inanmışdı, həll olunan məsələlərin doğru-düzgünlüyünə və ardıcıllığına inam artırdı. Heydər Əliyeviçin xidməti bir də bundadır ki, o, öz xalqının imkanlarını, əməksevərliyini görə bilmişdi. Mən respublikada təxminən 10 il işlədim və bütün bunlar gözlərim qarşısında baş verirdi.
O, iqtisadi bazanın təkmilləşdirilməsinə və inkişafına, xalqın sosial məsələlərinin və həyatının yaxşılaşdırılmasına dair vəzifələri həyata keçirərkən unutmurdu ki, respublika xarici dövlətlərlə həmsərhəddir və bunu nəzərə alaraq, sərhədlərin möhkəmləndirilməsi üçün bütün lazımi tədbirləri görürdü.
Əlbəttə ki, ailəsi – həyat yoldaşı Zərifə xanım, qızı Sevil və oğlu İlham onun üçün etibarlı arxa-dayaq idi. Onlar çox mehriban ailə idi və bu ailə başqa millətlərin nümayəndələrinə böyük ehtiramla yanaşırdı. Özünə hörmət, başqalarına hörmət – onların qarşılıqlı münasibətlərinin əsası bax, bu idi.
Məni düzgün başa düşün, mən Heydər Əliyeviçin ünvanına mədhiyyə oxumaq istəmirəm. O, sərt, prinsipial, tələbkar insan idi, dinləməyi bacarırdı.
Şübhəsiz ki, Azərbaycanda həyata keçirilən işləri gözü götürməyənlər, bunların əleyhinə çıxanlar vardı, lakin Heydər Əliyeviçin qəbul etdiyi qərarların, o cümlədən Rusiya ilə əlaqələrə, dostluq münasibətləri və qarşılıqlı fəaliyyət ilə bağlı əsas məsələlərin həllinə dair qərarların düzgünlüyünü, məqsədyönlülüyünü, gərəkliliyini həyat sübut edirdi.
Hesab edirəm ki, Heydər Əliyeviçin varisi olan İlham Əliyevin üzərinə böyük siyasi, iqtisadi, insani gərginlik düşmüşdür. İndi onun təkcə bir müəllimi var – bu, bütün çətinlikləri ilə birlikdə həyatdır və qarşısında öz dahi atasından – Heydər Əliyeviç Əliyevdən əxz etdiyi bütün müsbət cəhətlərdən istifadə etmək vəzifəsi durur.