Andorrada Azərbaycanın sərmayə və ticarət imkanları təqdim olunmuşdur
Bakı, 6 may (AZƏRTAC). Andorranın Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə bir sıra qabaqcıl Andorra şirkəti üçün Azərbaycanın sərmayə və ticarət imkanları barədə təqdimat olmuşdur.
Azərbaycan Respublikasının İspaniyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə 30-dan çox infrastruktur, mühəndislik-tikinti, o cümlədən dağ-mədən mühəndisliyi şirkətləri, turizm, xizək kurortları, İT, səhiyyə kimi sahələrdə çalışan Andorra şirkətləri, yerli qəzet və televiziya qurumlarının nümayəndələri iştirak etmişlər.
Azərbaycan, onun makroiqtisadi göstəriciləri, inkişaf sürəti, geostrateji əhəmiyyəti, neft sənayesi və tarixi, həyata keçirilən iri layihələri, əsas tərəfdaşları və digər vacib məlumatları tədbir iştirakçılarına təqdim edən ölkəmizin İspaniya və Andorradakı səfiri Altay Əfəndiyev Andorra ilə əməkdaşlığın qurulması üçün turizm, turistlərin qarşılıqlı mübadiləsi, turizm sahəsində təhsil və xüsusilə xizək turizmi, dağlıq yerlərdə kənd təsərrüfatı, infrastruktur, dağ-mədən mühəndisliyi kimi sahələri vurğulamışdır.
Dünyanın bir çox ölkələrinin şirkətlərinin Azərbaycanda iri layihələr həyata keçirdiyini deyən səfir Andorra şirkətlərinin ölkəmizlə, demək olar, əməkdaşlıq etmədiklərini təəssüflə bildirmiş, onları daha fəal olmağa, ölkədə elan olunan beynəlxalq tenderləri izləməyə, səfirliklə bu sahədə sıx əməkdaşlıq etməyə çağırmışdır.
Azərbaycan bazarına çıxmaq niyyətində olan Andorra şirkətlərinə ASK tərəfindən bütün lazımi köməyin göstərilməsinə hazır olduğunu deyən konfederasiyanın prezidenti Xavier Altimir, Andorra tərəfinin Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsində marağı olduğunu, qarşılıqlı səfərlərin təşkil edilməsinin vacibliyini qeyd etmişdir.
Tədbirdə ölkəmiz ilə əməkdaşlığa maraqlarının daha da artdığını bildirən Andorra şirkətləri təmsilçilərinin sualları cavablandırılmış və onların bəziləri ilə əməkdaşlıq istiqamətləri, o cümlədən Bakıya səfərlərin təşkilinin mümkünlüyü müzakirə olunmuşdur.
######
