Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Ankara, 24 fevral, AZƏRTAC
Türkiyə Prezidenti Administrasiyasının Milliyyət Kitabxanasında Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilən “Müharibə cinayətlərinin hüquqi dəyərləndirilməsi və çıxarılan dərslər - Xocalıdan 44 günlük savaşa” mövzusunda anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Türkiyə Prezident Administrasiyasının Milliyyət Kitabxanası tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, millət vəkilləri, diplomatlar, hüquqşünaslar və müxtəlif sahələri təmsil edən tanınmış alimlər iştirak ediblər.
Tədbirdə Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.
Sonra Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun, həmçinin Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attarın çıxışları dinlənilib.
Mərasim panel müzakirə ilə davam edib.
Çıxışlarda Xocalı soyqırımının səbəb və məqsədləri hüquqi, siyasi və tarixi aspektlərdən dəyərləndirilib.
Mərasimdən sonra Xocalı soyqırımı həqiqətlərinə dair sərgi ilə tanışlıq olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara