Aprel döyüşləri - Qələbəyə gedən yol
Bakı, 1 aprel, AZƏRTAC
Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aprel döyüşlərinin ildönümü münasibətilə C.Naxçıvanski adına hərbi liseydə “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə C.Naxçıvanski adına hərbi liseyin kursantları, rayon məktəblərinin yuxarı sinif şagirdləri, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin, rayon veteranlar cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən C.Naxçıvanski adına hərbi liseyin rəis əvəzi polkovnik Elman Namazov hərbi liseyin yaranma tarixindən, məzunların torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri qəhrəmanlıqdan danışıb. Qeyd olunub ki, hərbi liseyin 10 məzunu və 1 zabiti Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. Aprel döyüşlərində də hərbi liseyin məzunları torpaqlarımızın müdafiəsi üçün qəhrəmanlıqlar göstəriblər.
Liseyin kursantı Xəzər Nəsirli çıxış edərək tədbirin təşkilinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin və hərbi liseyin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, özü və kursant yoldaşları hər an Vətənimizin müdafiəsinə hazırdırlar.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, 2016-cı ilin aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük sınaq günləri idi. Həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə gedər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Qeyd edib ki, aprel döyüşlərində əldə etdiyimiz qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır. Aprel döyüşlərində qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik, yüksək əhval-ruhiyə nümayiş etdirməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. 2016-cı ilin aprel ayında dördgünlük müharibə zamanı Azərbaycan Milli Ordusu Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyini azad etdi, Ağdərə-Madagiz istiqamətində yolları nəzarətə götürdü, qısa müddətdə strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrini Ermənistan Silahlı Qüvvələrindən geri aldı. İcra başçısı əminliyini bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə üç rəngli bayrağımız tezliklə doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq.
Sonra C.Naxçıvanski adına hərbi liseyin xidmətdə fərqlənən bir qrup kursantına rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu.
Daha sonra Nəsimi rayon 8 saylı tam orta məktəbin “Şahinlər” hərbi komandasının üzvləri hərbi and içdilər, Şəmistan Əlizamanlının ifasında hərbi vətənpərvərlik ruhunda mahnılar səsləndirildi.