REGİONLAR
Aprel döyüşləri Qələbəyə aparan yolda ilk addım idi
Biləsuvar, 4 aprel, İlkin Adıyev, AZƏRTAC
2016-cı ilin aprelin əvvəllərində erməni ordusunun təxribatlarına cavab olaraq aparılan qısamüddətli hərbi əməliyyatlarda düşmənin yüzlərlə canlı qüvvəsi, xeyli sayda silah və hərbi texnikası məhv edildi, minlərlə hektar ərazi işğalçı qüvvələrdən təmizləndi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Aprel döyüşlərinin iştirakçısı, qazi Nicat Ağazadə deyib. O bildirib ki, Aprel döyüşləri bizim ruh yüksəkliyimizin başlanğıcı idi. Çünki o döyüşlər xalqımızı Azərbaycan Ordusunun qələbə əldə edəcəyinə inandırdı. Bununla da ordumuz düşmənin 20 ildən artıq müddətdə formalaşdırmış olduğu “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi.
Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə iştirak edən Nicat Ağazadə, sonradan azad edilmiş ərazilərin minalardan təmizlənməsi zamanı minaya düşərək sağ ayağını itirib.
“Aprel döyüşlərindən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mən, həmçinin bir çox qazi yüksək texnologiyalı protezlərlə təmin olunduq. Bu da dövlətimiz tərəfindən qazilərə diqqət və qayğının bariz nümunəsidir. Cəmi 4 gün çəkən Aprel döyüşləri nəticə etibarilə Vətən müharibəsindəki Qələbəmizin ilk qığılcımı, Zəfərə aparan yolda ilk addım idi. Biz xalq, millət, Vətən yolunda döyüşmüşük və bununla da fəxr edirik”, - deyə o əlavə edib.