AQEM Katibliyinin 20 illiyinə həsr olunmuş yubiley nəşri çap edilib
Bakı, 8 iyul, AZƏRTAC
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) Katibliyinin yaradılmasının 20 illiyinə həsr olunmuş “Two Decades of the CICA Secretariat” adlı yubiley nəşri çap olunub.
Katiblikdən AZƏRTAC-a bildirilib ki, kitabda AQEM-in yaranma tarixi, son iyirmi il ərzində keçdiyi inkişaf yolu, təşkilatın institusional formalaşması, üzv dövlətlərin təşkilatın fəaliyyətinə verdiyi töhfələr və inkişaf perspektivləri əhatəli şəkildə təqdim olunur.
Nəşrdə Azərbaycanın sədrliyi dövründə irəli sürdüyü və uğurla həyata keçirdiyi təşəbbüslərlə yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, AQEM Qadınlar Şurasının ilk sədri Bahar Muradovanın Katibliyin 20 illiyinə həsr olunmuş məqaləsi də yer alıb.
Məqalədə Azərbaycanın AQEM-ə sədrliyi dövründə həyata keçirilən islahatlar, təşkilatın fəaliyyətinin genişləndirilməsi və əməkdaşlığın inkişafı istiqamətində əldə olunan nəticələr əksini tapıb. Bakıda AQEM Qadınlar Şurasının ilk iclasının keçirilməsi, eləcə də Azərbaycanın sədrliyi dövründə həyata keçirilən digər təşəbbüslər barədə məlumat verilib.
Kitab AQEM Katibliyinin iyirmi illik fəaliyyətinə nəzər salmaqla yanaşı, təşkilatın gələcək inkişafına dair baxışları və üzv dövlətlərin ortaq strateji yanaşmalarını da özündə əks etdirir.