CƏMİYYƏT
AQTİ qida təhlükəsizliyinin təmin edilməsi üzrə qiymətləndirmə və dəstək xidməti təklif edir
Bakı, 11 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə anbarlarda qida təhlükəsizliyinin təmin edilməsi üzrə qiymətləndirmə və dəstək xidməti təklif edir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, qiymətləndirmə və dəstək xidməti sahibkarlara qida məhsullarının saxlanması zamanı qüvvədə olan qanunvericiliyin və texniki normativ hüquqi aktların tələblərinə müvafiq dəstəyin göstərilməsini öz üzərinə götürür.
Xidmət mal qəbulu prosesinin, nəzarət sisteminin, eləcə də qəbul, yerləşdirilmə, saxlanılma zamanı təhlükəsizlik və gigiyena qaydalarının tətbiqi, malların növünə görə yerləşdirilməsi üzrə təlimatın və malların saxlanması müddətinin izləmə prosedurlarının hazırlanması, anbarlarda təmizlik işlərinin və inventarlaşdırmanın təşkili, barkod üzərində məhsulun izləmə sisteminin təmin edilməsi mərhələləri üzrə təşkil olunur. Həmçinin işçi heyətin təlimatlandırılması və məhsul saxlama obyektinin qida təhlükəsizliyi üzrə mövcud normativ texniki hüquqi aktların tələblərinə uyğun olaraq qiymətləndirilməsinin həyata keçirilməsi həmin mərhələlərə daxildir.
Peşəkar mütəxəssislər tərəfindən təklif olunan xidmət müəssisəyə qida təhlükəsizliyi baxımından təhlükələrin yaranma ehtimalının minimuma endirilməsini, yararsız məhsulun anbara daxilolma ehtimalının azadılmasını, saxlama zamanı mal qonşuluğu prinsiplərinin pozulmasına yol verilməməsini, yararlılıq müddəti bitmiş qida məhsullarının anbardaqalma ehtimalının olmamasını həyata keçirməyə imkan verir. Eyni zamanda doğru məlumat əldə etməyin təmin olunmasını, istehlakçı məlumatsızlığının aradan qaldırılmasını, bənzər mallar və ya bənzər kodlara sahib mallar arasındakı qarışıqlığa yol verilməməsini, sürətli məlumat mübadiləsi və məhsul izlənilməsinin təmin edilməsini həyata keçirməyə şərait yaradır.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qida təhlükəsizliyinin təmin edilməsi üzrə qiymətləndirmə və dəstək xidmətindən istifadə etmək üçün (012) 377 00 20 (daxili 016 və 594) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutu qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki dəstək, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri təklif edir.