ARDNŞ İLƏ DEPA ARASINDA DANIŞIQLAR YAXIN GÜNLƏRDƏ YENİDƏN BAŞLANA BİLƏR
Konfransda QİƏT çərçivəsində əməkdaşlıq məsələləri, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında təşkilatın üzvlərinin imkanları, habelə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaqdır.
Yunanıstanın Bakıdakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu ölkədən konfransa gələcək nümayəndə heyətinin üzvləri arasında DEPA qaz şirkətinin strateji planlaşdırma üzrə baş direktoru Vassilios Sombanopulos da vardır. DEPA nümayəndələri “Şahdəniz” yatağından çıxarılacaq qazın Türkiyə və Yunanıstan vasitəsilə digər Avropa ölkələrinə nəqlinə dair ARDNŞ ilə danışıqlar aparacaqlar.
Xatırladaq ki, V.Sombanopulos bu ilin aprelində Bakıda olarkən bildirmişdi ki, Yunanıstan “Şahdəniz”dən Azərbaycan qazının idxalına 2006-cı ildə başlayacaqdır. Onun sözlərinə görə, Yunanıstan ildə 2-3 milyard kubmetr qaz qəbul etməyə hazırdır və gələcəkdə idxalın həcmi artırıla bilər.
Elə onda ARDNŞ rəhbərliyi ilə danışıqlarda Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Yunanıstana göndərilməsi haqqında uzunmüddətli sazişin layihəsi də müzakirə edilmişdi.
V.Sombanopulos qeyd etmişdir ki, İtaliya Türkiyə və Yunanıstanın boru kəmərləri sistemi ilə vurulacaq təbii qazı almağa hazırdır. Odur ki, İtaliyanın “Edison qaz” şirkəti ilə artıq müvafiq saziş imzalanmışdır.