Argentinanın Müstəqillik Günündə Bakıdan dostluq və rifah mesajı VİDEO
Bakı, 21 iyun, AZƏRTAC
Bakıdakı “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” katolik kilsəsində Argentinanın Milli Gününə həsr olunmuş ənənəvi “Te Deum” şüküranılıq mərasimi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, paytaxtda yaşayan xristian icmasının üzvləri və media təmsilçiləri iştirak ediblər.
Argentinanın Müstəqillik Gününün 207-ci ildönümünə təsadüf edən mərasimdə ölkənin rifahı, eləcə də Azərbaycan–Argentina əlaqələrinin inkişafı üçün dualar oxunub. Müqəddəs Kitabdan parçaların qiraəti ilə davam edən ayində sülh və xeyir-dua dilənib.
Qeyd edək ki, Argentinada hər il kilsələrdə təşkil olunan “Te Deum” mərasimi Tanrıya şükür etmək, ölkənin birliyini və rifahını diləmək məqsədi daşıyır. Dövlət rəsmilərinin və müxtəlif dini icmaların qatıldığı bu tarixi ənənə, həm də 1810-cu il May İnqilabı və ilk milli hökumətin qurulması günü ilə rəmzi bağlara malikdir.