Arktikadakı buz örtüyünün sahəsi rekord miqyasda azalıb
Bakı, 29 mart, AZƏRTAC
Arktikadakı buz örtüyünün sahəsi bu qış rekord miqyasda azalıb. Yer kürəsinin qar və buz örtüyünün tədqiqi üzrə Mili Mərkəzi təmsil edən amerikalı alimlər bu nəticəyə gəliblər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, martın 24-də Arktikadakı buz örtüyünün sahəsi 14,52 milyon kvadratkilometr olub. Artıq iki ildir bu xoşagəlməz nəticə qeyd alınır. 2015-ci il fevralın 25-nə olan vəziyyətə görə, bu göstərici 14,54 milyon kvadratkilometr olub. Ümumən 1981-2010-cu illər dövründə Arktikadakı buz örtüyünün sahəsi 15,64 milyon kvadrat kilometr təşkil edib.
Amerikalı ekspertlər bildiriblər ki, bu qış buzlaqların sahəsi Arktikanın bütün rayonlarında orta göstəricidən də az olub. Yalnız Labrador və Baffin dənizləri, habelə Hudzon boğazı istisna təşkil edib. Alimlər qeyd ediblər ki, Barents dənizində buz örtüyü xüsusilə azalıb.
Şimal Buzlu okean üzərində havanın temperaturu dekabr, yanvar və fevral aylarında orta göstəricidən 2-6 dərəcə yüksək olub.
Yer kürəsinin qar və buz örtüyünün tədqiqi üzrə Milli Mərkəzinin rəhbərlərindən biri olan Ted Skembos bildirib ki, onlar Amerika peyklərindən ötürülən informasiyaya istinad edirlər. Bu tədqiqatlar 1978-ci ildən aparılır. T.Skembos qeyd edib ki, hazırda Arktika böhran dövrü yaşayır. Baş verən proseslər bütün Şimal yarımkürəsində havanın temperaturuna təsir göstərir.