Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu elm müəssisəsinin direktoru, professor Maisə Rəhimova 20 Yanvar hadisələrinin azadlıq uğrunda mübarizə aparan xalqımızın tarixində qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının törətdiyi dəhşətli cinayətdən sonra ümummilli lider Heydər Əliyev bütün təhlükələrə baxmayaraq Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gələrək jurnalistlərlə görüşüb, imperiyanın riyakar siyasəti haqqında öz kəskin fikirlərini dünya ictimaiyyətinə çatdırıb. O müdhiş gecədə qeyrətli oğul və qızlarımız işğalçı sovet ordusunun qarşısına əliyalın çıxaraq ədalət tələb edən Azərbaycan xalqının milli əzmini və yenilməzliyini bütün dünyaya tanıtdılar.
İnstitutun digər əməkdaşları da 20 Yanvar həqiqətlərindən, bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən söz açıblar.