“ASCO istiqrazları”na abunə yazılışı uğurla başa çatıb
Bakı, 1 mart, AZƏRTAC
Milli iqtisadiyyatımızın inkişafında önəmli yerə sahib olan, Azərbaycanın hazırda fəaliyyətdə olan ən qədim şirkətlərindən biri - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə abunə yazılışı uğurla başa çatıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, emissiya edilən hər birinin nominal dəyəri 1000 ABŞ dolları, ümumi məbləği isə 100 milyon ABŞ dolları həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlara abunə yazılışı müddəti fevralın 28-də bitib. İlkin bazarda ASCO istiqrazlarını əldə etmək istəyən investorlar istiqrazın Anderrayteri - “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə müraciət edərək abunə yazılıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2013-cü ildə ölkədə mövcud olan iki böyük donanmanın birləşdirilməsi yolu ilə yaradılan ASCO fəaliyyətinin ilk günlərindən müəyyən edilmiş qısa, orta və uzunmüddətli perspektivə yönəlmiş hədəflərinə çatmaq üçün korporativ idarəetmə sisteminin tətbiqi, xərclərin optimizasiyası, fəaliyyətində şəffaflığın təmin edilməsi, gəlir mənbəyinin şaxələndirilməsi, donanmasının yenilənməsi və digər sahələrdə genişmiqyaslı işlər həyata keçirib. Yerinə yetirilən işlərin və həyata keçirilən layihələrin müsbət nəticəsi və davamı olaraq, İdarə heyətinin təklifi, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) və ASCO-nun Müşahidə Şurasının müvafiq razılığı ilə ASCO-nun ümumi yığıncağı tərəfindən milli gəmiçilik şirkətinin daxili bazarda qiymətli kağızlar buraxması barədə qərar qəbul edilib. Səhmdar cəmiyyəti kimi fəaliyyətə başladığı ilk ildən kommersiya təşkilatı olaraq hər il fəaliyyətini mənfəətlə başa vurması, beynəlxalq auditdən keçərək hesabatların əlçatanlığının və şəffaflığının təmin olunması, ASCO-nun yerli investorlar qarşısında etibarlı emitent kimi qəbul edilməsinə və tarixində ilk dəfə dövriyyəyə buraxdığı istiqrazların uğurlu nəticələnməsinə əvəzsiz töhfə verib. Məhz abunə yazılışının nəticələrinə əsasən, istiqrazlara həm fiziki, həm də hüquqi şəxslər tərəfindən böyük maraq göstərilib. Emitent olaraq ASCO-nun yerli bazarda satışa çıxardığı istiqrazlara investorların tələbi Gəmiçiliyin yerləşdirdiyi təklifdən daha çox olub. Belə ki, 2022-ci il dekabrın 29-dan fevralın 28-dək davam edən abunə yazılışı dövründə istiqrazların alınması üzrə 125 sifariş verilib. Hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 89,1 faiz, fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 10,9 faiz təşkil edib. Bu istiqrazların abunə yazılmış investorlar arasında yerləşdirilməsi martın 3-də “Bakı Fond Birjası” QSC-nin ticarət platforması vasitəsi ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra, bu istiqrazlar “Bakı Fond Birjası” QSC-nin “Premium” listinqində təkrar bazarda tədavül ediləcək.
Qeyd edək ki, istiqrazlardan əldə olunan gəlir ASCO-nun Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək. Eyni zamanda, istiqrazlar ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verməklə yanaşı, vətəndaşlarımız üçün mənfəətli və etibarlı investisiya imkanları da yaratmış olur.