İQTİSADİYYAT
ASCO-nun yeni istiqrazları ticarətə buraxılıb
Bakı, 3 mart, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yeni istiqrazlarının ticarətə buraxılması münasibətilə Bakı Fond Birjasında “Açılış zəngi” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova 2022-ci ildə AMB-nin 33 emissiya prospektini dövlət qeydiyyatına aldığını və bunun əvvəlki illərlə müqayisədə rekord göstərici olduğunu bildirib: “2023-cü ildə bu sahədə ən böyük tədbirlərdən biri “ASCO istiqrazları”nın buraxılışı olub. Bu, digər potensial emitentlər üçün də örnək ola bilər. Emitentlər arasında ASCO-nu görməyimizə çox şadıq.”
Umeyra İbrahimova “ASCO istiqrazları”nın BFB-nin “Premium” seqmentində dövriyyə edəcəyini xüsusilə vurğulayıb.
Bakı Fond Birjasının rəhbəri Eldar Abdullayev ASCO-nun birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının ölkəmizdə maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını qeyd edib.
ASCO sədri Rauf Vəliyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi bu il 165 illik yubileyini qeyd edir: “Həmçinin 2023-cü ildə Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərməyimizin 10 ili tamam olur. Bu əlamətdar tarixlər ərəfəsində tədavülə buraxdığımız “ASCO istiqrazları” 2014-cü ildən fəaliyyətini hər il mənfəətlə başa vuran şirkətimizin inkişafına daha böyük töhfə verəcək”. O, tədavülə buraxılan istiqrazların ölkənin qiymətli kağızlar bazarının canlanmasına təsir göstərəcəyinə, vətəndaşlar üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacağına əminliyini də ifadə edib.
PAŞA Kapital İnvestisiya Şirkətinin sədri Ceyhun Hacıyev vurğulayıb ki, ASCO korporativ istiqrazlarının kapital bazarlarına daxil olması dövlət əhəmiyyətli mərhələ sayılır. Bu addım ASCO-nun timsalında digər dövlət şirkətləri üçün xüsusi əhəmiyyət kəsb edir. Bildirib ki, korporativ istiqraz emissiyasının əldə etdiyi uğurlu nəticələr digər dövlət şirkətlərini kapital bazarlarına daxil olmağa daha da həvəsləndirəcək.
Çıxışlardan sonra “ASCO istiqrazları”nın ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb.
Sonda “Bakı Fond Birjası” QSC adından "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə xatirə hədiyyəsi təqdim olunub və foto çəkilib.
Xatırladaq ki, 2022-ci il dekabrın 29-da “Bakı Fond Birjası” QSC-nin Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ümumi dəyəri 100.000,000 (bir yüz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. Hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 100 min ədəd istiqraz 5 il dövriyyədə olacaq. Onların illik gəlirliliyi 6 faizdir. Faizlər 6 aydan bir ödəniləcək. Yerləşdirmənin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Qeyd olunan istiqrazların abunə yazılışı dekabrın 29-dan başlayıb və fevralın 28-dək davam edib.