Asiya çəyirtkələrinin miqrasiyasına qarşı tədbirlər davam etdirilir
Bakı, 9 iyul, AZƏRTAC
İyunun axırlarından Rusiya Federasiyasından respublikamızın Şabran və Siyəzən rayonları ərazisinə (Xəzər dənizi sahili boyu) Asiya çəyirtkələrinin sürü halında miqrasiyası baş verib. Miqrasiyaya səbəb Dağıstan ərazisində güclü küləyin baş verməsi ehtimal olunur. Bununla əlaqədar olaraq mühafizə tədbirlərinin görülməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə məktub ünvanlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentlik və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları ilə birgə həmin ərazilərdə məhvetmə tədbirləri həyata keçirilərək çəyirtkəkimilərin kənd təsərrüfatı məhsullarına verə biləcəyi zərərin qarşısı alınıb. Hazırda həmin ərazilərdə müşahidə aparılmaqla yanaşı, aşkarlanan kiçik dəstələrə qarşı mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, hər il olduğu kimi, bu il də agentlik sədrinin müvafiq əmri ilə dörd istiqamət üzrə - Rusiya, İran, Gürcüstan və Rusiya ilə həmsərhəd ərazilərin sərhəd mühafizə zonalarında xüsusi təhlükəli və karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması ilə bağlı fitosanitar müşahidə və qabaqlayıcı profilaktiki mübarizə tədbirlərinin təşkili məqsədilə agentlik və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarından ibarət İşçi qrupu yaradılıb.
Xüsusi təhlükəli zərərverici sayılan çəyirtkəkimilərlə bağlı ehtimal olunan təhlükələrin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə müraciət ünvanlanaraq məhsul itkisinin qarşısının alınması, ərzaq təhlükəsizliyinin təmin olunması və yaşıllıqların mühafizəsi məqsədilə, ehtiyac yarandığı təqdirdə mübarizə tədbirlərinə dəstək göstərilməsi xahiş olunub.