ASİYA ÖLKƏLƏRİ VAHİD VALYUTA TƏTBİQ ETMƏYƏ HAZIRLAŞIR
İlkin mərhələdə ötən əsrin 70-ci illərində tətbiq edilmiş Avropa “ekü”sünə (ECU) bənzər “akü”nün (ACU) vahid valyuta kimi yaradılması nəzərdə tutulur. “Akü” bir növ ASEAN ölkələrinin ümumi milli məhsulunu və xarici ticarətin həcmini mütənasib şəkildə əks etdirən “valyuta səbəti” olacaqdır. Asiya İnkişaf Bankı hər gün Asiyanın bütün ölkələrinin valyutalarının ”akü”yə nisbətdə məzənnələrini açıqlayacaqdır. Milli valyutaları “akü”yə bağlamaq üsullarını hazırlamaq və valyuta fərqini aradan qaldırmaq üçün ümumi iqtisadi siyasət aparmağı Assosiasiyaya daxil olan ölkələrə həvalə etmək nəzərdə tutulur.
Bu ideya Şərqi Asiya dövlətləri başçılarının dekabrda Malayziyada keçiriləcək zirvə görüşündə müzakirə olunacaqdır.
Asiya İnkişaf Bankının iqamətgahı Filippinin paytaxtı Manilada yerləşir. Hazırda ona yaponiyalı Xaruxiko Kuroda başçılıq edir.