Aslan Kərimov: “Neftçi” hazırkı heyəti və oyunu ilə “Dinamo”nu keçmək iqtidarındadır
Bakı, 22 iyul, AZƏRTAC
“Neftçi” hazırkı heyəti və oyunu ilə “Dinamo”nu keçmək iqtidarındadır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Dinamo” (Minsk) matçı barədə danışarkən deyib.
Mütəxəssis Bakı klubunun şanslarını yüksək qiymətləndirib: “Dinamo” Belarusun titullu klublarından biridir. Lakin “Neftçi” hazırda elə bir durumdadır ki, bu rəqibi keçməyə tam qadirdir. Bakılılar əvvəlki dövrlərlə müqayisədə müdafiədəki stabilliyi qorumağı bacarıblar. Yarımmüdafiədə Emin Mahmudovun, hücum xəttində isə digər futbolçuların nümayiş etdirdiyi oyun təqdirəlayiqdir. Abubakar getdikdən sonra komanda ön xətdə daha sürətli və fəal təsir bağışlayır. Həmçinin texniki göstəriciləri yüksək olan Varqasın komandada qalması hücum xəttinin daha təhlükəli və məhsuldar olmasına kömək edəcək. Bütün bu amilləri nəzərə alsaq, “Neftçi”nin növbəti mərhələyə yüksəlmək şansı daha çoxdur”.
Səfər qolu qaydasının artıq qüvvədə olmadığını xatırladan Aslan Kərimov Bakıdakı ilk matçın nəticəsinin həlledici olmayacağını vurğulayıb: “Aydın məsələdir ki, “Neftçi” evdə mümkün qədər çox qol vurmağa çalışacaq. Lakin bunu düşünmədən, kor-koranə şəkildə hücuma atılıb müdafiəni unutmaqla etmək olmaz. Doğma meydanda 1:0 hesablı qələbə qazanılsa və ya matç heç-heçə başa çatsa belə, bu, mərhələnin taleyinin həll olunması anlamına gəlməyəcək. Minskdəki cavab qarşılaşmasında da uğurlu oyunla mərhələni adlamaq mümkündür. Məhz bu səbəbdən birinci görüşdə ən azından müdafiədəki etibarlılığı sonadək qorumaq lazımdır”.
O, xüsusilə iki məqama ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb: “Neftçi” öz meydanında topa daha çox nəzarət edən tərəf olacaq. Lakin top itkisi zamanı “Dinamo”nun gözlənilməz əks-hücumlarına qarşı diqqətli olmaq lazımdır. Bundan əlavə, künc və cərimə zərbələri kimi standart vəziyyətlər də rəqib üçün təhlükə yarada biləcək əsas amillərdəndir”.
Qeyd edək ki, “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” qarşılaşması saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu iyulun 30-da Minskdə təşkil olunacaq. Bu raundun qalibi növbəti mərhələdə "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə üz-üzə gələcək.