AŞPA-da və digər Qərb təsisatlarında Azərbaycan əleyhinə ikili standartlar formalaşdırılıb ŞƏRH
Bakı, 22 yanvar, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının istənilməsinin arxasında daha çox anti-Azərbaycan meylini formalaşdırmış qüvvələrin dayandığı şübhə doğurmur. Əslində məsələnin kökü daha dərinə gedir. Biz bilirik ki, Azərbaycan əraziləri işğal altında olan müddət ərzində hər hansısa Qərb təsisatı tərəfindən ciddi addım atılmadı. Verilən qərarlar, söylənilən bəyanatlar isə beynəlxalq hüququ imitasiya etmək mahiyyəti daşıyırdı. Buna görə də Ermənistanın təcavüzü nəticəsində baş verən problemdə real nəticə əldə olunmadı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov söyləyib O bildirib ki, həmçinin AŞPA-da və digər Qərb təsisatlarında ölkəmiz əleyhinə ikili standartlar formalaşdırılıb. Bunun əsasında duran səbəblər məlumdur. Bu, erməni lobbisinin təsiri ilə baş verir, eyni zamanda, Qərb ölkələrinin Şərqdə bir müsəlman və Türk dövlətinin inkişafını həzm edə bilməməsindən qaynaqlanır.
“Azərbaycana qarşı bu cür qərəzli yanaşmaya müxtəlif donlar geyindirilsə də, bunlar açıq şəkildə görünən amillərdir. Bütün bu məqamlar Azərbaycanın atdığı addımları ləngitmə xarakteri daşıyır. Məqsəd odur ki, son dövrlər ölkəmizin İkinci Qarabağ müharibəsi və ötən il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazisində terrorçuların kökünü kəsməsini həmin güclər qəbul edə bilmirlər. Lakin bunu açıq şəkildə deyə bilmədikləri üçün müxtəlif yollarla ölkəmizə təzyiq edirlər”, - deyə politoloq vurğulayıb.
S.Hümbətov deyib: “Bu gün bəzi Qərb ölkələrinin, təşkilatlarının xüsusilə Avropa Şurası Parlament Assambleyasının ölkəmiz əleyhinə qəbul etmək istədikləri qərar özlərinin prinsip və normalarına zidd addımdır. Bu baxımdan hesab edirəm ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri məhdudlaşdırılsa, qərar Avropa Şurasına daxil olan ölkələrə öz təsirini göstərəcək. Çünki həmin dövlətlərin içində həm də Avropa İttifaqına daxil olan 9 dövlətlə Azərbaycan arasında strateji müttəfiqlik əlaqələri var. Ona görə də düşünmək olar ki, həmin dövlətlər bu məsələyə öz etirazlarını bildirəcəklər”.