SİYASƏT
AŞPA-nın monitorinq komitəsinin həmməruzəçiləri Milli Məclisdə olublar
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov martın 2-də Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsinin həmməruzəçiləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın Avropa Şurası Parlament Assambleyası ilə konstruktiv əməkdaşlıq etdiyini deyib. Bildirib ki, Azərbaycan Avropa Şurasının qarşısındakı öhdəliklərinin əksəriyyətini layiqincə yerinə yetirir. Lakin bəzi öhdəliklərin reallaşmamasının da öz obyektiv səbəbləri var.
Monitorinq komitəsinin həmməruzəçisi Pedro Aqramunt nümayəndə heyətinin üzvlərini təqdim edib. O, səfərləri müddətində keçirdikləri və gözlənilən görüşlər barədə məlumat verib.
Görüşdə monitorinq komitəsinin həmməruzəçisi Taduez İvinski, monitorinq komitəsi katibliyinin rəhbəri Karolin Ravo və katibi Delfin Freyman iştirak ediblər.