AŞPA-NIN YAY SESSİYASI İYUNUN 21–DƏ ÖZ İŞİNƏ BAŞLAYACAQDIR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovun başçılığı ilə Azərbaycanın bu təşkilatdakı daimi nümayəndə heyəti iştirak edəcəkdir. Nümayəndə heyətinin tərkibinə deputatlardan Əli Hüseynov, Nairə Şahtaxtinskaya, Vaqif Vəkilov, Qulamhüseyn Əlibəyli, Rəfael Hüseynov, Aydın Mirzəzadə, Bəxtiyar Əliyev, Azər Kərimli və Asim Mollazadə daxildirlər.
Sessiyada Avropa Şurası baş katibinin seçkiləri keçiriləcək, nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun Assambleya Bürosunun və Daimi Komitəsinin fəaliyyətinə dair məruzəsi dinləniləcəkdir.
Tədbirdə Türkiyənin, Bosniya və Hersoqovinanın öhdəliklərinə əməl etməsi, Avropa Yenidənqurma və İnkişaf Bankının Mərkəzi və Şərqi Avropanın iqtisadi inkişafına töhfəsi, münaqişələrin qarşısının alınmasında, həllində qadınların rolu və digər mövzularda müzakirələr aparılacaqdır.
Səfər iyunun 26-da başa çatacaqdır.