SİYASƏT
AŞPA-nın yay sessiyasında Avropa diaspora siyasəti mövzusunda müzakirələr aparılıb
Strasburq, 24 iyun, AZƏRTAC
AŞPA yay sessiyasının son günü rumıniyalı parlamentari Polo Piskonun hazırladığı “Diaspora dair Avropa siyasəti naminə” adlı məruzənin təqdimatı və mövzu ətrafında müzakirələrlə başlayıb.
AZƏRTAC xəbər verir ki, AŞPA üzvləri, eləcə də Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvləri məruzə ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Asim Mollazadə və Erkin Qədirli müzakirələrə qatılaraq, məruzənin bəzi bəndləri ilə bağlı qeydlərini bildiriblər. Müxtəlif ölkələrdə diaspor konsepsiyasının fərqli mənalarda qəbul edilməsindən, fərqli yanaşmalardan söz açılıb, diasporun ictimai rəyə təsirindən danışılıb.
Avropada tolerantlıqla bağlı problemlərə toxunulub, islamofobiya, antisemitizmin geniş yayılmasının qarşısının alınması məsələləri müzakirə edilib.
Məruzə ilə bağlı müzakirələr davam edir. Azərbaycan nümayəndə heyətinin digər üzvləri də məruzə ilə bağlı fikirlərini səsləndirəcəklər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq