ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunda Anım Gününə həsr olunan tədbir keçirilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunan “Vətən uğrunda şəhidlik zirvəsinə ucalanlar, vətən, xalq sizi heç zaman unutmayacaq!” mövzusunda tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən elmi müəssisənin icraçı direktoru professor Əfsun Sucayev sentyabrın 27-nin müasir tariximizə qəhrəmanlıq və şərəfli gün kimi daxil olduğunu vurğulayıb: “Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində son qoyulub. Məhz həmin gün tarixi Qələbəmizin başlanğıcı oldu. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş antiterror tədbirləri nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olundu.
Xalqımızın igid övladları öz qanları, canları hesabına torpaqlarımızı işğaldan azad etdilər. Müzəffər Ordumuzun yazdığı tarix Azərbaycanın gələcəyi üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir”.
Ə.Sucayev Aşqarlar Kimyası İnstitutunun Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində ordumuzun strateji məhsullarla təmin olunmasında xüsusi xidmət göstərdiyini faktlarla qeyd edib.
Tədbirdə institutun Həmkarlar Təşkilatının sədri dosent Elxan İsakov “Vətən uğrunda şəhidlik zirvəsinə ucalanlar, vətən, xalq sizi heç zaman unutmayacaq!” mövzusunda təqdimatla çıxış edib.
Sonda institutun qocaman əməkdaşı, aparıcı elmi işçi dosent Nüsrət Əliyev və Mülki Müdafiə Qüvvələrinin rəisi Hüseyn Dünyamalıyev çıxış edərək 27 Sentyabr – Anım Gününün qeyd edilməsinin şəhidlərimizin xatirəsinə ehtiram olduğunu söyləyiblər.
Tədbir institutun Yeni Azərbaycan Partiyası (YAP) ilk ərazi təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilib.