Astanada Azərbaycanın “Yallı” rəqsi üzərində məşqlər aparılır VİDEO
Astana, 16 aprel, AZƏRTAC
Qazaxıstan paytaxtında Azərbaycan xalqının ən qədim rəqslərindən biri olan “Yallı” təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, rəqsin quruluşu üzərində məşqlər Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri, Azərbaycanın Əməkdar artisti Ceyhun Qubadovun rəhbərliyi altında NOMAD Xoreoqrafiya Akademiyasında aparılır.
Baletmeyster qeyd edib: “Bu şəhərə beynəlxalq festivalın münsiflər heyətinin üzvü qismində dəvət olunmuşam, eyni zamanda Akademiya üçün Azərbaycan xalqının ən qədim rəqslərindən biri olan “Yallı”nı hazırlayıram. Ölkələrimiz arasında mədəni əlaqələri inkişaf etdirmək bizim üçün çox vacibdir. Bu əlaqələrin genişlənməsi xalqlarımıza bir-birinin mədəniyyət nümunələrini daha yaxşı tanımağa və onları təşviq etməyə iman verir”.
Onun sözlərinə görə, Qazaxıstan ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı dostluğun möhkəmlənməsinə və milli adət-ənənələrin təbliğinə töhfə verir.
“Bu gün əlamətdar bir gündür və biz əfsanəvi, tarixi “Yallı” rəqsinin tamaşası üzərində işləyirik. Akademiyamız üçün bu rəqsi Azərbaycandan olan xoreoqraf ilk dəfə hazırlayır. Təcrübəmizə əsasən, uşaqların mədəniyyət xadimlərindən dərs ala bilməsi məqsədilə müxtəlif ölkələrdən mütəxəssislər dəvət edirik”, - deyə NOMAD Xoreoqrafiya Akademiyasının direktoru və təsisçisi Aynagül Nurqazina bildirib.
NOMAD Xoreoqrafiya Akademiyası mədəni əlaqələri gücləndirmək və xoreoqrafiya sahəsində peşəkar təcrübə mübadiləsi aparmaq məqsədi daşıyan beynəlxalq layihə olan “NOMAD AWARDS” müsabiqəsi və festivalını təşkil edir. Layihə müxtəlif ölkələrdən yaradıcı qrupları bir araya gətirir, dünyanın hər yerindən ənənəvi və müasir rəqs üslublarını təbliğ edir.
Layihənin bir hissəsi olaraq, Ceyhun Qubadov fəxri beynəlxalq münsiflər heyətinin üzvüdür və həmçinin Akademiyanın qastrol repertuarı üçün Azərbaycan rəqslərinin səhnələşdirilməsində iştirak edir.