Astarada ağsaqqallarla görüş keçirilmişdir
Astara, 19 may (AZƏRTAC). Astara Rayon İcra Hakimiyyətində ağsaqqallarla görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olmuşlar.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov agsaqqaları qarşıdan gələn Respublika Günü münasibətilə təbrik etmiş, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışmış, əldə etdiyimiz uğurlarda ağsaqqalların da böyük əməyinin olduğunu diqqətə çatdırmışdır.
Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev “Rayon ağsaqqallarının ictimai-siyasi həyatda fəal mövqeyi” mövzusunda məruzə etmişdir.
Rayon sakinlərinin Prezident İlham Əliyevin aprelin 15-də Astara rayonuna səfərinin xoş təəssüratı ilə yaşadığını vurğulayan Hamlet Əliyev ümummilli liderin “Ölkəmizin cənub qapısı və sütunlarından biri” adlandırdığı Astaraya dövlətimizin başçısının daim diqqət və qayğı göstərdiyini vurğulamış, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı Azərbaycan Prezidentinin son Sərəncamını bu qayğının parlaq təzahürü kimi qiymətləndirmişdir.
Qeyd olunmuşdur ki, ağsaqqallar rayonun ictimai-siyasi həyatında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edirlər.
Görüşdə çıxış edən yaşlı nəslin nümayəndələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Ağsaqqallar rayonda turizmin inkişafı, Xəzər dənizi sahilində çimərlyin vəziyyəti, doğulub boya-başa çatdığı Astara şəhərinin Qum küçəsinə respublikanın tanınmış bəstəkarı Oqtay Kazımovun adının verilməsi, Ərçivan kəndindəki xəstəxanaya uzun müddət həmin tibb müəssisəsində baş həkim işləmiş, Sosialist Əməyi Qəhrəmanı Böyükxanım Əliyevanın adının verilməsi, şəhərin ərazisində qəbristanlıq üçün torpaq sahəsinin ayrılması ilə bağlı təkliflərini diqqətə çatdırmışlar.