ASTARADA QƏZA VƏZİYYƏTİNDƏ OLAN BİNALAR AŞKAR EDİLMİŞDİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yaradılmış komissiya yerlərdə yoxlama apararkən bir sıra inzibati və yaşayış binalarının, o cümlədən ictimai binaların qəza vəziyyətində olduğu aşkarlanmışdır.
Koroba kənd orta məktəbinin binası dağılaraq yararsız vəziyyətə düşdüyündən burada dərslər Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş dörd böyük çadırda davam etdirilir. Hazırda burada daxili imkanlar hesabına 16 otaqlı 320 yerlik məktəb binasının tikintisinə başlanmışdır.
Rayonun Miki, Ağ Körpü, Ovala kənd orta məktəblərinin binaları qəza vəziyyətində olduğundan dərslər dayandırılmışdır. Bundan əlavə, Artura kənd orta məktəbində iki sinif otağı olan fin tipli bina, Rinə kənd orta məktəbində iki, Burzubənd kənd orta məktəbində isə üç sinif otağında dərslərin davam etdirilməsi mümkün deyildir.
Astara şəhərinin Azadlıq küçəsində birmərtəbəli 5 ailəli, Maşxan kəndində isə ikimərtəbəli 18 ailəli yataqxana binaları yaşayış üçün təhlükəli olduğundan sakinlərin oradan köçürülməsi qərara alınmışdır.
Yoxlama zamanı həmçinin, rayon mədəniyyət evində, “Astara” kinoteatrının binasında və Bürzübənd kənd mədəniyyət evində təbii fəlakətlər nəticəsində ciddi zədələrin olduğu üzə çıxarılmışdır.
Rayonda aparılmış yoxlamanın yekunları və binaların texniki vəziyyəti barədə tərtib edilmiş sənədlər Nazirlər Kabinetinə göndərilmişdir.