Aşura günü ilə əlaqədar İlahiyyat İnstitutunda qanvermə aksiyası başlayıb VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
Aşura günü münasibətilə iyunun 25-də Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Respublika Qan Bankı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Azərbaycan Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.
Qanvermə aksiyasının əsas məqsədi Aşura günü ilə bağlı bəzi yanlış təsəvvür və adətlərin aradan qaldırılmasına, bu günün mahiyyətinin düzgün izahına, dini mərasimlərin xeyirxahlıq, yardımlaşma və insanpərvərlik dəyərləri əsasında təşviqinə töhfə vermək, eyni zamanda, cəmiyyətdə sosial məsuliyyət hissini gücləndirməkdir.
Aksiya çərçivəsində toplanan qan hemofiliya, talassemiya və digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə ediləcək.
Qeyd edək ki, qan vermə aksiyasında dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də müxtəlif dövlət qurumlarını təmsil edən 100-dək könüllü və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müxbir - Nərmin Murad