ATB-in baş katibi beynəlxalq tədbirdə iştirak etmişdir
Bakı, 18 may (AZƏRTAC). Avropa Komissiyasının Gənclər Fəaliyyətdə proqramı çərçivəsində növbəti konfransı keçirilmişdir. Konfrans Budapeştin Avropa Gənclər Mərkəzində Almaniya və Macarıstan üzrə milli agentliklərinin dəstəyi ilə reallaşmışdır.
Azərbaycan Tələbələr Birliyindən (ATB) AZƏRTAC-a bildirmişlər ki, 25 ölkədən 80 nəfərin iştirak etdiyi tədbirin fərqləndirici xüsusiyyəti - bu sahədə fəaliyyət göstərən elmi araşdırmaçılar, praktiki fəaliyyət göstərən QHT və dövlət qurumlarından nümayəndələrin bir araya gələrək fikir mübadiləsi aparmaları olmuşdur.
Konfransda gənclərin beynəlxalq mübadilə proqramlarına aid 16 təqdimat reallaşdırılmışdır. Təqdimatların əsas mövzusu gənclərin aktiv vətəndaşlığı, tələbə mübadilə proqramları, mübadilə proqramlarının keyfiyyəti, professional formal və qeyri-formal təhsil, mədəniyyətlərarası dialoq olmuşdur. Tədbirin digər yaddaqalan məqamlarından biri də Avropa Komissiyasının Gənclər Fəaliyyətdə proqramının 2013-cü ildən sonra davam etməsi və yenilənməsi üçün iştirakçıların təkliflərinin toplanması və lazımi qurumlara təqdim edilməsidir.
Tədbirdə ATB-in baş katibi Vüqar Rüstəmli müxtəlif görüşlər keçirərək Birliyin mübadilə sahəsində reallaşdırdığı IAESTE proqramı və EVS layihəsi barəsində ətraflı məlumat vermişdir. Elmi işçilərin təqdimatlarının Azərbaycan üçün də mühüm olduğunu nəzərə alaraq Birliyin baş katibinin elmi araşdırma qurumlarına gələcəkdə Azərbaycanda reallaşan mübadilə proqramlarının da fəaliyyətlərinə aid edilməsi və bu sahədə əməkdaşlıq təklifi yüksək qiymətləndirilmişdir. Konfransda Birliyin müxtəlif mövzulu mübadilə proqramlarının reallaşdırılması üçün bir sıra beynəlxalq və lokal təşkilatlarla əməkdaşlıq etməsi barəsində ilkin razılıqlar əldə edilmişdir.