ATƏT-İN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİ 2004-CÜ İLDƏ FƏALİYYƏTİNİN ÖNCÜL İSTİQAMƏTLƏRİNİ AÇIQLAMIŞDIR
Səfir P.Burhard ATƏT ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın hərtərəfli inkişafının zəruriliyini vurğulayaraq, ölkəmizin qanunvericilik və məhkəmə sistemlərində islahatların dəstəklənməsi, insan hüquqlarının qorunması, mütəşəkkil cinayətkarlıqla, insan alveri ilə mübarizə, iqtisadiyyatın təkmilləşdirilməsinə yardım göstərilməsi sahəsində planlarından danışmışdır.
O bildirmişdir ki, ATƏT-in Bakı nümayəndəliyinin fəaliyyətində başlıca məqsəd bu təşkilat qarşısındakı öhdəliklərinin yerinə yertirilməsində Azərbaycana hərtərəfli kömək göstərməkdir. P.Burhardın sözlərinə görə, 2003-cü il ərzində ATƏT-in bilavasitə iştirakı ilə respublikamızda 80-dən çox tədbir keçirilmişdir, bu il isə onların sayı artırılacaqdır. Burhard demişdir: “Bakı nümayəndəliyi 2004-cü ildəki fəaliyyətinin 12 başlıca istiqamətini hazırlayaraq, ATƏT rəhbərliyinin müzakirəsinə vermişdir. Bütün bu istiqamətlər təsdiq edilmiş və maliyyələşdirilmişdir. Bu il ölkədə sosial-iqtisadi sahənin inkişafının dəstəklənməsinə və yeni qanun layihələrinin hazırlanmasına yardıma xüsusi diqqət yetiriləcəkdir. Azərbaycan demokratik inkişafa can atan dövlətdir, Bakı nümayəndəliyinin məqsədi isə bu prosesə kömək etməkdir. ATƏT-in maraqları təşkilatın üzvü olan 55 dövlət, o cümlədən Azərbaycanın maraqlarının məcmusudur”.
Sonra cənab Burhard jurnalistlərin suallarına cavab vermişdir.