ATLETİKA ÜZRƏ KARLAR ARASINDA AZƏRBAYCAN ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
Bakı, 28 yanvar (AZƏRTAC). Respublika Olimpiya Mərkəzində atletika üzrə karlar arasında Azərbaycan çempionatı başa çatmışdır.
Yarışda 50-yə yaxın qadın və kişi idmançısı iştirak etmişdir. Turnir 2 yaş qrupu üzrə keçirilirdi.
1992-ci il və daha azyaşlı atletlərin yarışında 60 metrə məsafəyə qaçışda Fəridə Həlimova, Aqil Həsənli, 400 metrə məsafəyə qaçışda Fəridə Həlimova, Hüseyn Talıbov, uzunluğa tullanmada Şəbnəm Ağayeva, Aqil Həsənli, 200 metr qaçış yarışlarında isə Fəridə Həlimova, Aqil Həsənli ən yaxşı nəticələri göstərmişlər. 4x200 estafet turnirində isə 3 saylı internat məktəbinin komandası (Aqil Həsənli, Səid Talıbzadə, Məhəmməd Ələkbərov, Gündüz Suleymanov) fərqlənmişlər.
1991-ci il və daha böyük yaşlı idmançıların 60 metrə məsafəyə qaçışında Vüsalə Babayeva, Taleh Əliyev, 400 metrə məsafəyə qaçışda Vüsalə Babayeva, Taleh Əliyev, uzunluğa tullanmada Vüsalə Babayeva, Rövzət Abdulmahmudov, 200 metr qaçış yarışlarında Vüsalə Babayeva, Taleh Əliyev, 800 metr qaçışda isə Elnur Hüseynov öz nəticələri ilə fərqlənmişlər. 4x200 estafet turnirində 1 saylı internat məktəbinin komandası (Taleh Əliyev, Elnur Hüseynov, Anar Suleymanov, Orxan Ağayev) qalib olmuşlar.
Çempionatın ümumi nəticələrinə görə 1 saylı internat məktəbinin komandası 1-ci yerə layiq görülmüşdür.