Autizm haqqında Məlumatlandırma Gününə həsr edilən 3-cü Beynəlxalq Autizm konfransı keçirilib
Bakı, 3 aprel, AZƏRTAC
Autizmlə Mübarizə İctimai Birliyi tərəfindən Ümumdünya Autizm haqqında Məlumatlandırma Gününə həsr edilmiş 3-cü Beynəlxalq Autizm konfransı keçirilib. Tədbirdə dünyaşöhrətli təcrübəli ekspertlər, mütəxəssislər, dövlət qurumlarının nümayəndələri, QHT rəhbərləri, Türkiyə və Amerikadan ekspertlər, autizmdən əziyyət çəkən uşaq və yeniyetmələr, onların valideynləri iştirak edib.
İki övladı autizmli olan valideyn, Azərbaycanda autizm sahəsində ilk təşkilat yaratmağa nail olmuş, Autizmlə Mübarizə İctimai Birliyinin sədri Çiçək Məmmədli tədbirdə günün mahiyyəti, təşkilatın gördüyü işlər və qarşıda duran planlar haqqında məlumat verib. Sonra Autizmlə Mübarizə İctimai Birliyinin icraçı direktoru Samirə Mustafayeva beynəlxalq miqyasda qeyd olunan "Mavi işıqla işıqlandır" aksiyasına dünyanın digər şəhərləri kimi Bakımızın də qoşulduğunu deyib: “Bu aksiya getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatlılığını artırmağa yönəldilən qlobal təşəbbüsdür. Aprelin 2-si BMT tərəfindən Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qəbul edildikdən sonra “Autism speaks” cəmiyyəti bu günlə əlaqədar “Light it up Blue” (“Mavi işıqla işıqlandır”) layihəsini həyata keçirir. Həmin gün Yer kürəsinin müxtəlif ölkələrində ən görkəmli binalar autizmi simvolizə edən mavi rəngdə işıqlandırılır. İlk dəfə 2010-cu ildə ABŞ-də həyata keçirilən bu aksiya hazırda 8 qitə,146 ölkə və 650 şəhəri əhatə edir. Azərbaycanda bu layihəyə Heydər Əliyev Fondu, BMT-nin Uşaq Fondunun (UNICEF) və ölkəmizdə ilk autizm təşkilatı hesab edilən Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi (ADPYM) İctimai Birliyinin dəstəyi ilə ilk dəfə 2012-ci ildə keçirilib və hər il təşkil olunur”.
Tədbirdə cəmiyyətə inteqrasiya olunmuş Əli Feyzullayevin ifasında "Azərbaycan oğluyam" mahnısı, autizmdən əziyyət çəkən uşaqların bacarıqlarını əks etdirən videoçarx nümayiş etdirilib. Sonda xüsusi təsis edilmiş “Autizmlə Mübarizə” medalının təqdimatı olub.