Autizmli oğlunun həyatını “yaşayan” ana: Şamxal sevincini də, kədərini də mənimlə bölüşür VİDEO
Bakı, 27 aprel, AZƏRTAC
Bəzən sənət sadəcə özünüifadə forması olmur, həm də qapalı qala biləcək bir dünya ilə ünsiyyət vasitəsinə çevrilir. Autizm spektr pozuntusu olan 27 yaşlı gənc rəssam Şamxal Xələfli üçün fırça onun hisslərini, daxili dünyasını və gerçəkliyə baxışını ifadə edən bir dildir.
Onun hekayəsi yalnız bir nəfərin inkişaf yolu deyil, həm də ana sevgisinin, əzmin, səbrin və insanın imkanlarının diaqnozla məhdudlaşmadığına inamın hekayəsidir. Azərbaycanda autizmli şəxslərin sosial reabilitasiyasına diqqətin artdığı bir dövrdə Şamxalın taleyi düzgün dəstək və uyğun mühitin görünməyən istedadları necə üzə çıxara biləcəyinin canlı nümunəsinə çevrilir.
AZƏRTAC-ın əməkdaşları Şamxal Xələfli ilə onun mütəmadi olaraq ziyarət etdiyi Sosial Eco Kənd –“Yurdum”da görüşüb, onun rəsm çəkmək qabiliyyəti, sosial və yaşam bacarıqlarının əldə edilməsi yolu barədə anası Zəhra Xələfova ilə həmsöhbət olub.

Zəhra Xələfova bildirib ki, erkən yaşda yerimə və danışma bacarıqları olmuş Şamxalın autizm spetr pozuntusu olduğunu onun 2 yaşında hiss edib: “Şamxal bildiklərini unutmağa başladı. Danışmırdı, sakit otururdu, əlimi buraxmırdı. Bundan şübhələndim. 1 yaş 7 ayından nitqini itirməyə başladı. Həkim mənə deyəndə ki, vaxt olacaq danışmamağı ən sadə problem olacaq, anladım ki, məsələ ciddidir. Ondan sonra reabilitasiya yerlərinə getdik. Həkim mənə dedi ki, sinir nöqtələri oyanmasa, danışmayacaq. Evə gəldim. Tikanlı ayaqaltı, dənli bitkilər aldım, motorikasını inkişaf etdirməyə başladım və yavaş-yavaş Şamxal danışmağa başladı”.
Rəsm çəkməyə marağı rəngləri öyrənəndən sonra yaranan Şamxalın ilk şəkli ev olub. Ailəsi isə ciddi şəkildə ona dəstək olmağa çalışıb. “Şamxala ən tez bir rəngi 3 aya, ən gec isə 8 aya öyrətmişəm. Mən rəngləri öyrətməyə çalışarkən Şamxalın Azərbaycanın Bayrağını çəkdiyini gördüm. O, 9 yaşından Aysel Əmirova ilə rəsm çəkib. Sonra DOST İnklüzivə getmişik, orada bu işlə məşğul olub. Son 2 ildə müəllimi Bağdagül İlyasovadır”.

Azərbaycanda ilk inklüziv pilot bağçaya gedən Şamxal 9 il inklüziv təhsil alıb. Sərbəst yazmağı, oxumağı, kompüterdə işləməyi bacarıb. Sosial şəbəkə səhifələrini özü idarə edən Şamxalla birgə illərlə reabilitasiya mərkəzlərinə gedən Zəhra Xələfova vurğulayıb ki, övladının rəngli dünyasına işıq tutmaq üçün çox çalışıb: “Şamxal əlvan rənglərlə işləməyi çox sevir. Əlində fırça olanda özünü çox xoşbəxt hiss edir. Fırça əlində olanda onun gözünün içi gülür. Bir də tablosu nə qədər böyük olsa, daha rahat işləyir”.
Bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif fəaliyyətlərlə məşğul olan autizmli gəncin fikirlərinə diqqət yetirən anası deyib ki, o hazırda 27 yaşlı oğlunun həyatını “yaşayır”: “Şamxal fikirlərini məndən başqa heç kimə bildirmir. Sevincini də, kədərini də mənimlə bölüşür. Bəzən deyirlər ki, onu özünə çox bağlamısan, sənsiz qala bilmir. O, seçimlərini özü edir. Mən heç zaman Şamxala nəsə alıb geyindirməmişəm. Mütləq özü ilə birgə getmişik, bəyənib almışıq”.
Bəzən sağlam övlada sahib olan analar üçün sadə görünən bəzi məqamlar Zəhra Xələfova kimi insanlar üçün möcüzədir. Oğlunun istəklərini dinləmək, uğurlarının fərqində olmaq, ayrı-ayrı situasiyalarda adekvat davranış autizmli övladı olan Zəhra xanım üçün çox dəyərlidir: “İctimai nəqliyyatda qarşılaşdığımız bəzi situasiyalar olur. Autizm bir fərqlilikdir və həyat boyu davam edir. Şamxal fotokamera ilə peşəkarcasına işləyir, voleybol oynayır, stolüstü tennislə məşğuldur. Bəzən başqası üçün sadə görünən şey bizim üçün möcüzə sayılır”.

Rutin və planlı yaşamağı sevən autizmli gənc həftənin 2 günü Sosial Eco Kənd –“Yurdum”da özü kimi gənclərlə zaman keçirir, ən müxtəlif yaşam bacarıqlarını inkişaf etdirir. Şamxalın aktiv həyat sürdüyünü qeyd edən Zəhra Xələfova qeyd edib ki, bu və buna bənzər pozuntulardan əziyyət çəkən insanların valideynləri bir-birlərinə dəstək olurlar: “Mütəxəssis hər zaman uşağın yanında ola bilmir. Amma valideyn onun yanındadır. Ona görə də mən valideynlərin təlimatlandırılmasının tərəfdarıyam. Xarici ölkələrdə təlimlərdə əldə etdiyim təcrübəni Azərbaycanda olan analarla bölüşürəm. Biz birlikdə teatrlara gedirik, açıq hava məkanlarında tədbirlər təşkil edirik. Valideyn qruplarımız var. Biz - analar bir-birimizə kömək edirik”.
Şamxal Xələflinin hekayəsi təkcə çətinliklərin aşılması deyil, həm də uzun müddət gizli qalmış potensialın üzə çıxmasıdır. Onun rəngarəng və canlı rəsmləri harmoniyanın, duyğuların və öz ritmi olan bir daxili dünyanın əksinə çevrilir. Onun yanında isə ana - hər addımı şəxsi qələbəyə, hər nailiyyəti isə möcüzə ilə müqayisə edilə biləcək bir hadisəyə çevirən insan dayanır.