İQTİSADİYYAT
Avqustda bankların kredit portfeli artıb

Bakı, 26 sentyabr, AZƏRTAC
Avqust ayında bankların kredit portfeli 2.1 faiz və ya 442.2 milyon manat artaraq 21 milyard 814.2 milyon manat olub.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, kredit portfelinin strukturu: biznes kreditləri –
54.2 faiz (11 milyard 821.8 milyon manat); istehlak kreditləri – 29.9 faiz (6 milyard 532.5 milyon manat) və ipoteka kreditləri – 15.9 faiz (3 milyard 459.9 milyon manat). Ay ərzində biznes kreditləri mütləq ifadədə 199.1 milyon manat, istehlak kreditləri 156.5 milyon manat, ipoteka kreditləri isə 86.6 milyon manat artıb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 2.4 faiz təşkil edib.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.1 faizi və ya 31 milyard 998.7 milyon manat. Depozit portfelinin 61.6 faizi (19 milyard 722.7 milyon manat) hüquqi şəxslərin, 38.4 faizi (12 milyard 276 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna
olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 54.5 faizi (6 milyard 691.5 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 939.6 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 80.8 faizini təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması avqust ayında ilin əvvəlinə nəzərən 2.9 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.4 faiz bəndi azalaraq 36.3 faiz təşkil edib.