“Avro-2016”: Yeddinci gün
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 16-da futbol üzrə XV Avropa çempionatının yeddinci günündə "B" qrupunda iki, "C" qrupunda isə bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk oyununda “B” qrupunda mübarizə aparan İngiltərə və Uels yığma komandaları qarşılaşıb.
Lens şəhərindəki “Bollar-Delelis” stadionunda keçirilən oyunu almaniyalı baş hakim Feliks Brix idarə edib.
Qarşılıqlı hücumlar şəraitində keçən matçda ingilislər daha fəal olsalar da, hesabı uelslilər açıblar. Matçın 42-ci dəqiqəsində Qaret Beyl cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarıb.
Komandalar fasiləyə bu hesabla yollanıb.
Fasilədən sonra təzyiqi daha da artıran ingilislər 56-cı dəqiqədə hesabı bərabərləşdiriblər. Uelsin cərimə meydançasına ötürülən topa müdafiəçilərin səhvindən istifadə edərək zərbə vuran Vardi oyunda tarazlığı bərpa edib - 1:1. Əsas vaxta əlavə edilən 3 dəqiqəlik hissənin ikinci dəqiqəsində isə Starric ingilislərin qələbə qolunu vurub - 2:1. Bununla da ingilislər gərgin keçən matçda çətinliklə də olsa qalib gələ biliblər.
Qeyd edək ki, bu qrupun iyunun 15-də keçirilən digər oyununda Slovakiya yığması Rusiya millisini 2:1 hesabı ilə məğlub etmişdi. Beləliklə, iki turdan sonra “B” qrupuna 4 xalla İngiltərə millisi başçılıq edir. Hər birinin hesabında 3 xal olan Uels ikinci, Slovakiya isə üçüncü pillədə qərarlaşıb. Aktivində 1 xal olan Rusiya millisi isə qrupda sonuncu sıradadır.
Günün ikinci oyununda "C" qrupunda yer alan komandalar qarşılaşıb. Lion şəhər stadionunda Ukrayna və Şimali İrlandiya milliləri arasında keçirilən oyunu çexiyalı baş hakim Pavel Kraloveç idarə edib.
Gərgin idman mübarizəsi və yağışlı hava şəraitində keçən görüşün ilk hissəsi qolsuz heç-heçə ilə başa çatıb - 0:0.
Fasilədən sonra komandalar hesabı açmaq üçün səyləri daha da artırıblar. Şimali İrlandiya futbolçularının hücumları matçın 49-cu dəqiqəsində bəhrəsini verib. Oliver Norvudun son cinahdan cərimə meydançasına ötürməsindən sonra Qaret Makauli topu başla rəqib qapısından keçirib - 1:0. Hesabı bərabərləşdirmək üçün irəli atılan ukraynalılar növbəti qolu öz qapılarında görüblər. Oyuna əlavə edilən vaxtın sonuncu - 6-cı dəqiqəsində Makgins hesab arasındakı fərqi artıraraq Şimali İrlandiyanın qələbəsini rəsmiləşdirib - 2:0.
Günün sonuncu oyununda “C” qrupunun favoritləri Almaniya və Polşa milliləri üz-üzə gəlib.
Sen-Deni şəhərindəki “Stad de Frans” stadionunda oynanılan görüşdə ədaləti hollandiyalı referi Byörn Kuipers təmin edib.
Almaniya yığmasının üstünlüyü şəraitində keçən matçın ilk yarısında komandaların səylərinə baxmayaraq, hesab açılmayıb.
Qarşılaşmanın ikinci hissəsində də qapılara qol vurulmayıb və oyun 0:0 hesabı ilə heç-heçə başa çatıb.
Beləliklə, Almaniya və Polşa iki oyunda dörd xal toplayıb. Şimali İrlandiya yığması 3 xalla qrupda üçüncü, xalsız Ukrayna isə dördüncüdür.