AVROPA BİRLİYİ AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİNƏ QİYMƏT VERDİ
Bəyanatda deyilir ki, Avropa Birliyi seçkilərin daha keyfiyyətli və demokratik keçirilməsi üçün görülmüş tədbirləri alqışlayır. AB hesab edir ki, əvvəlki seçkilərlə müqayisədə 6 noyabr seçkilərində xeyli tərəqqi əldə olunmuşdur. Təşkilat seçkilərdə çox sayda müşahidəçilər olduğunu təsdiqləmişdir. Lakin Avropa Birliyi təəssüflə qeyd edir ki, ATƏT-in müşahidəçilər missiyası seçkiləri Avropa standartlarına uyğun gəlməyən seçkilər kimi qiymətləndirmişdir. Təşkilatda seçki kampaniyasının keçirilməsi barədə əvvəlki ilkin bəyanatlarda qeyd edilmiş problemlərlə yanaşı, bir sıra seçki dairələrində səslər hesablanarkən yaranmış problemlər, bəzi icra hakimiyyəti başçılarının seçkilərə müdaxiləsi haqqında hesabatlar da narahatlıq doğurur. Avropa Birliyi saxtakarlıq və qanunsuzluq faktları barədə şikayətlərə vaxtında və tez baxılmasının vacibliyini vurğulayır. AB bu prosesləri diqqətlə izləyəcəkdir. O, bütün partiyaları, onların seçkilərdəki tərəfdarlarını və hakimiyyət dairələrini qanunlara əməl etməyə və qarşıdurmadan çəkinməyə təkidlə çağırır.
Ekspertlərin fikrincə, amerikalı müşahidəçilər Ariel Kohenin və Con İşiyamanın Azərbaycanda parlament seçkiləri haqqında bəyanatından sonra Avropa Birliyinin bəyanatı ən əhəmiyyətli yekun bəyanatıdır. AB-nin bəyanatı avropalı məmurların həm ATƏT adından, həm də Avropa Parlamenti adından söylədikləri bütün əvvəlki fikirləri yekunlaşdırır. Elə buna görə, habelə obyektiv səbəblərə görə, Avropa Birliyinin bəyanatını daha sanballı hesab etmək olar. Bu bəyanatın ahəngi və məntiqi quruluşu sübut edir ki, Avropa Azərbaycanda parlament seçkilərini tanıyır. Səsvermə prosesində yol verilmiş pozuntularla bağlı faktların bəyanatda qeyd olunması isə hər halda, müxalifətin təkid etdiyi kimi, seçkilərin yekunlarına geniş miqyasda yenidən baxılması üçün əsas deyildir. Bir də ona görə ki, pozuntular olduğunu bütün müşahidəçilər, o cümlədən MDB-nin İcraiyyə Komitəsinin sədri – icraçı katibi Vladimir Ruşaylonun başçılıq etdiyi MDB ölkələri missiyası da bildirmişdir. Pozuntulardan Azərbaycan Prezidenti İlham Əliyevin özü də danışmışdır. Səhvlərin araşdırılması, şikayətlərə baxılması normal hüquqi praktikadır, geniş demokratiyanın ayrılmaz tərkib hissəsidir.