AVROPA ƏDALƏTLİ OYUNLAR HƏRƏKATININ NÜMAYƏNDƏ HEYƏTİ BAKININ İDMAN İNFRASTRUKTURUNDAN RAZI QALMIŞDIR
Ölkəmizdə səfərdə olan Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) nümayəndə heyəti iyunun 14-də Bakının idman qurğuları ilə tanış olmuş, gələn il qurumun Konqresinin və Baş Assambleyasının Azərbaycanda keçirilməsi üçün paytaxtın mehmanxanalarına baxmışlar.
Əvvəlcə qonaqlar otüstü xokkey kopmpleksində oldular. Məlumat verildi ki, idmanın bu növü Azərbaycanda son illər sürətli inkişaf yolu keçmişdir. Ölkəmizin regionlarında geniş inkişaf edən otüstü xokkey üzrə bu gün Azərbaycanda beynəlxalq turnirlər və Olimpiya lisenziyalı yarışlar keçirilir.
AƏOH rəsmiləri “Excelsior” mehmanxanasının şəraiti ilə tanış olmuş, buradakı konfrans salonlarına baxmışlar.
Daha sonra qonaqlar Azərbaycan Taekvondo Federasiyasına gələrək qurumun inzibati binası, “Musado” idman mərkəzi və mehmanxana kompleksi ilə tanış oldular, gənc taekvondoçuların nümunəvi çıxışlarını izlədilər.
Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev qonaqlara Azərbaycanda taekvondonun inkişafı, “Musado” idman kompleksi barədə məlumat verərək dedi ki, MDB-də analoqu olmayan bu mərkəz yığma komandanın təlim-məşq bazasıdır. Kompleksə daxil olan mehmanxanada isə idmançıların qalması üçün hər cür şərait vardır.
AƏOH-nin prezidenti Karlos Qonsalves AZƏRTAC-ın müxbiri ilə söhbətində gördüklərindən xoş təəssürat aldığını bildirdi. Qonaq xüsusi vurğuladı ki, Bakıda yaradılan infrastruktur göstərir ki, burada böyük idman yarışları ilə yanaşı, müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün də yaxşı şərait vardır.
######
![]() |
![]() |
![]() |
![]() |



