AVROPA İTTİFAQI ÖLKƏLƏRİ SƏFİRLƏRİNİN LİVANA DAİR GÖRÜŞÜ BİR NƏTİCƏ VERMƏDİ
Müşahidəçilər gözləyirlər ki, avropalılar hərbçilərin sülhməramlı kontingentdə iştirakı barədə konkret öhdəlikləri Aİ ölkələri XİN başçılarının avqustun 25-də Brüsseldə keçiriləcək fövqəladə görüşündə müəyyənləşdirəcəklər. Görüşdə BMT-nin baş katibi Kofi Annan da iştirak edəcəkdir.
Bundan əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Xavyer Solana bildirmişdir ki, başlanğıc mərhələdə Livana 4 minədək avropalı hərbi qulluqçu göndəriləcəkdir.
XİN başçıları Livanda BMT qüvvələrinə komandanlığı kimin öz üzərinə götürəcəyini də müəyyən etməlidirlər.
Aİ Şurasındakı mənbə agentliyin müxbirinə demişdir: “İtaliya siyasətçiləri bildirmişlər ki, onların ölkəsi BMT qüvvələrinə komandanlığı öz üzərinə götürməyə hazırdır. Lakin bu bəyanat indiki halda maraq göstərilməsi deməkdir, qərarı isə BMT-nin baş katibi qəbul etməlidir”. O vurğulamışdır ki, komandanlığın İtaliyaya verilməsi ideyasının İsrail, Livan, ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənməsinə baxmayaraq, Roma təmkinlik göstərir.
Sülhməramlı kontingentə komandanlığın, əvvəlcədən gözlənildiyi kimi, Fransaya həvalə olunmasının mümkünlüyünə gəldikdə isə, müşahidəçilərin fikrincə, Paris bu addımı ancaq bir şərtlə atmağa hazırdır: BMT qüvvələri üçün möhkəm təminat verilməli və sülhməramlıların silah işlətməsinin mümkülüyü məsələsi həll edilməlidir. Məhz buna görə indiki halda Fransa Livana cəmi 200 hərbi qulluqçu göndərmişdir.
Müşahidəçilər gözləyirlər ki, Aİ ölkələri XİN başçılarının qarşıdakı görüşündə “Hizbullah” qruplaşmasını “siyasiləşdirməyin” zəruriliyi və onun dəstələrini silahsızlaşdırmaq məqsədi ilə bu hərəkatın Livanın siyasi həyatına son dərəcə mümkün inteqrasiya etməsinin vacibliyi də bəyan olunacaqdır.