AVROPA İTTİFAQI PARLAMENTİNİN NÜMAYƏNDƏLƏRİ AZƏRBAYCANDA SEÇKİLƏRİN NORMAL KEÇDİYİNİ BİLDİRMİŞLƏR
Nazir E.Məmmədyarov Avropa İttifaqı Parlamenti üzvlərinin Azərbaycanda keçirilmiş parlament seçkilərində müşahidəçi qismində iştirak etdiklərinə görə qonaqlara minnətdarlığını bildirmişdir.
Azərbaycanın müxtəlif bölgələrində keçirilmiş parlament seçkilərini müşahidə etdiklərinə toxunan qonaqlar, bir sıra məntəqələrdə seçkilərin nəticələrinə təsir etməyən xırda nöqsanların olduğunu diqqətə çatdıraraq, ümumilikdə seçkilərin normal keçdiyini vurğulamışlar. Xanım Mariya İşler Beguin təkrar səsvermənin qarşısının alınması məqsədi ilə seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi qərarının gec qəbul olunmasına baxmayaraq, bu qərarı alqışladığını bildirmişdir.
Qonaqların dedikləri ilə şərik olduğunu söyləyən nazir E.Məmmədyarov seçkilərin azad və şəffaf keçirildiyini diqqətə çatdırmış və bunun ölkəmizin gələcək inkişafı üçün böyük əhəmiyyət daşıdığını xüsusi vurğulamışdır. Azərbaycanın demokratik prinsiplərlə inkişaf etdiyini bildirən nazir, seçkilərdən sonra aidiyyəti orqanlara bir sıra şikayətlərin daxil olacağını təbii adlandıraraq, həmin şikayətlərə qanun çərçivəsində ədalətli baxılacağına şübhə etmədiyini bildirmişdir.
Daha sonra nazir Elmar Məmmədyarov ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinə böyük əhəmiyyət verdiyini vurğulamış, Azərbaycanın Avropa institutlarına inteqrasiya olunmasına ölkəmizin sadiq qaldığını diqqətə çatdırmış və bu əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduğunu söyləmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı görülən işlərdən danışan nazir, bu barədə qonaqlara ətraflı məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, Ermənistanın Azərbaycana təcavüzü təsbit olunmuş beynəlxalq norma və prinsiplər əsasında sülh yolu ilə beynəlxalq birliyin birgə səyləri nəticəsində tezliklə aradan qaldırılmalıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da
müzakirələr aparılmışdır.