Avropa İttifaqının alt-komitəsinin iclasında azad olunmuş ərazilərimizə Böyük Qayıdış haqqında məlumat verilib
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə alt-komitəsinin 10-cu iclası keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, iclasda komitə sədrinin müavini Fuad Hüseynov iclasın ikinci hissəsində miqrasiya, məcburi köçkünlük, sığınacaq məsələləri mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi səbəbləri, Ermənistanın deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, həmçinin bu sahədə beynəlxalq təşkilatların humanitar fəaliyyəti barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, keçmiş məcburi köçkünlər hər zaman Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həllinə birinci xanım Mehriban Əliyeva da xüsusi həssaslıqla yanaşır.
Vurğulanıb ki, işğal dövründə ərazilərimizin Ermənistan tərəfindən minalanmasının keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı prosesini ləngidir.
Qeyd edək ki, alt-komitənin iclasında Azərbaycan tərəfini Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və digər dövlət qurumları, eləcə də İnsan hüquqları üzrə Müvəkkilin Aparatının nümayəndələri təmsil ediblər. Aİ tərəfindən tədbirdə Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Komissiyasının müxtəlif struktur bölmələri və Aİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.