Avropa Parlamenti anti-Azərbaycan qətnamələrin kütləvi istehsalı üçün mərkəzə çevrilib ŞƏRH
Bakı, 24 oktyabr, AZƏRTAC
Bu gün Avropa Parlamenti faktları təhrif edən, beynəlxalq hüququ pozan və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə zidd olan böhtan dolu növbəti qətnaməsini qəbul edib. Xatırladaq ki, Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçiliyinin başlaması 1988-ci ilə təsadüf edir. O zaman Avropa Parlamenti Azərbaycanın ərazilərinin Ermənistana verilməsini tələb edirdi. O vaxtdan bəri Avropa Parlamenti anti-Azərbaycan qətnamələrin kütləvi istehsalı üçün mərkəzə çevrilib. Bu qətnamələrin hamısı bölgədə gərginliyi artırmağa və sülh səylərinə mane olmağa yönəlib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov söyləyib.
O bildirib ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əlaqələrinə daim konstruktiv yanaşıb, qarşılıqlı maraqlara əsaslanaraq mövcud razılaşmalara əməl edib. Lakin Aİ-nin əsas qurumlarından biri olan Avropa Parlamentinin bu cür təkəbbürlü və məsuliyyətsiz mövqeyi cavabsız qala bilməz.
“Avropa Parlamentinin bu addımlarını qəti şəkildə pisləyirik. Bu addımlar beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Azərbaycana və onun xalqına qarşı açıq şəkildə ayrı-seçkilik edir. Ölkəmizə qarşı bu cür hücumları təşkil edənlər anlamalıdırlar ki, onlar bu cəhdləri ilə Azərbaycan və Aİ arasında tərəfdaşlığa zərər vurmaqdan başqa heç nə əldə edə bilməzlər”, - deyə deputat əlavə edib.