Avropa Parlamenti radikal, pozucu siyasətlə məşğul olduğunu açıq-aşkar göstərir
Bakı, 12 sentyabr, AZƏRTAC
Avropa Parlamenti müdriklik edib Avropa İttifaqının üzvü olan və olmayan bütün ölkələrə bərabər, ədalətli münasibət göstərmək əvəzinə, Azərbaycan haqda həqiqətə uyğun olmayan bəyanatları, qətnamələri ilə radikal, pozucu siyasətlə məşğul olduğunu açıq-aşkar sübut edir.
Bu fikir Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun bəyanatında əksini tapıb.
Bəyanatda deyilir ki, Avropa Parlamentinin sentyabrın 9-da qəbul etdiyi qərəzli antiazərbaycan qətnaməsində ölkəmizlə bağlı irəli sürülən iddiaların yanlış və əsassız məlumatlar əsasında hazırlanması müharibə veteranlarını ciddi narahat edir. Çünki qətnamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana nümayəndə heyəti göndərməsi təklif edilir. Ancaq nədənsə 23 ildən artıqdır ki, Avropa Parlamenti keçirdiyi iclaslarda BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin Ermənistan tərəfindən rədd edilməsindən, Ermənistandan deportasiya edilmiş, doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb. Dağlıq Qarabağda fəaliyyət göstərən terrorçu erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qalmış insanların hüquqlarından bir kəlmə belə deyilmir.
Avropa Parlamentinə xatırladırıq ki, 23 ildən artıqdır Ermənistan dövlətinin beynəlxalq hüquq normalarına məhəl qoymayaraq insani hərəkətlərə sığmayan vəhşiliyinə və vandalizminə hələ də BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar göz yumaraq işlərini təsirsiz bəyanatlar verməklə bitmiş hesab edirlər. Yaxşı olardı ki, Avropa Parlamenti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icra olunması və işğalçı Ermənistan dövlətinin təcavüzü nəticəsində Qarabağdan və digər ərazilərdən məcburi köçürülmüş sakinlərin doğma torpaqlarına qaytarılmalarının təmin edilməsi barədə qətnamə hazırlayaraq təcavüzə son qoyulmasına çalışsın. Əks təqdirdə, beynəlxalq aləmdə sülh və demokratiya təhlükəyə məruz qalacaq, beynəlxalq normalara, prinsiplərə, habelə inkişaf etmiş böyük dövlətlərin imicinə münasibət dəyişəcək.
Bəyanatda bildirilir ki, müharibə veteranları Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli və qeyri-obyektiv antiazərbaycan qətnaməsini birmənalı şəkildə rədd edir. Eyni zamanda, Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyir, Azərbaycanın ərazi bütövlüyünün və Qarabağdan kütləvi surətdə məcburi köçürülmüş 100 minlərlə azərbaycanlının pozulmuş hüquqlarının bərpa olunmasını tələb edir. Avropa Parlamentinin müstəqil və suveren dövlətin daxili işlərinə qarışması, ona qarşı təhqir və təzyiq məqsədilə qəbul olunmuş hər hansı sənəd qəti şəkildə qəbuledilməzdir.