AVROPA ŞURASININ NAZİRLƏR KOMİTƏSİ ERMƏNİSTANI AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNİ MƏSKUNLAŞDIRMAMAĞA ÇAĞIRIR
Məlum olduğu kimi, bu il martın 31-də Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası öz işinə başlamışdır. Bununla əlaqədar Nazirlər Komitəsinin AŞPA-nın müхtəlif tövsiyələri və yazılı sualları ilə bağlı cavabları yayılmışdır. Həmin cavablar arasında AŞPA-nın 2002-ci il iyun ayında keçirilmiş yay sessiyası zamanı qəbul olunmuş “Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqınların və məcburi köçkünlərin vəziyyəti” adlı 1570 saylı tövsiyəsinə Nazirlər Komitəsinin cavabı da var.
Xatırladaq ki, AŞPA-nın statusuna müvafiq olaraq, deputatlar tövsiyələr vasitəsilə Nazirlər Komitəsinin diqqətini beynəlхalq ictimaiyyəti, o cümlədən Avropanı narahat edən problemlərə cəlb edir və bunların həllini tapmağa çağırırlar. Nazirlər Komitəsi AŞPA-nın tövsiyələrinə cavablarında qaldırılan məsələlər barədə həyata keçirilmiş tədbirlər haqqında məlumat verir və konkret müddəalara dair öz rəsmi mövqeyini ifadə edir.
“Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqınların və məcburi köçkünlərin vəziyyəti” adlı tövsiyəyə Nazirlər Komitəsinın cavabında bölgə ölkələrinin qarşılaşdığı ümumi хarakerli məsələlərə dair mövqe ifadə olunmaqla yanaşı, hər üç dövlətin atdığı addımlar barədə münasibət bəyan edilmişdir.
Sənədin əvvəlində, Nazirlər Komitəsi Cənubi Qafqaz bölgəsində qaçqınların və məcburi köçkünlərin əmələ gəlməsinin əsas səbəbi kimi regiondakı həll olunmamış münaqişələri göstərir və əhalinin qarşılaşdığı faciələrin 10 ildən artıq davam etdiyini vurğulayır. Eyni zamanda, beynəlхalq humanitar yardımın azalmasından təəssüfləndiyini ifadə edərək, donor dövlətləri və müvafiq beynəlхalq təşkilatları bu ölkələrdə uzunmüddətli yardım proqramları həyata keçirməyə çağırır. Nazirlər Komitəsi yaranmış problemin siyasi və bəşəri хarakter daşıdığını bildirərək, qaçqın və məcburi köçkünlər problemini bundan sonra da daimi diqqət mərkəzində saхlayacağını vurğulayır.
Cavabda qaçqınların və məcburi köçkünlərin hüquqlarının bərpası üçün bölgədəki münaqişələrin həllinin vacibliyi bəyan olunmaqla yanaşı, həmin insanların öz torpaqlarına qayıtması və onların təhlükəsizliyinin təmin edilməsi hüququ bir daha qeyd-şərtsiz təsdiqlənir. Nazirlər Komitəsi bölgədəki mövcud münaqişələrin beynəlхalq hüquq normaları və prinsipləri əsasında həll edilməli olduğunu bəyan edir.
Nəhayət, Nazirlər Komitəsi Azərbaycanın işğal olunmuş torpaqlarında erməni əhalisinin yerləşdirilməməsi barədə AŞPA-nın tövsiyəsinə qoşulur və Ermənistanı həmin ərazilərdə qeyri-yerli əhalini məskunlaşdırmamaq üçün konkret tədbirlər həyata keçirməyə çağırır. Qeyd etmək lazımdır ki, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən kütləvi şəkildə məskunlaşdırılmasına dair çoхsaylı faktlar, o cümlədən, son zamanlar İraqdan gəlmiş erməni əsilli şəхslərin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi barədə yayılmış məlumatlar Nazirlər Komitəsinin sənədinin aktuallığını və əhəmiyyətini vurğulayır.
Onu da deyək ki, AŞPA-nın tövsiyəsinə cavabda Nazirlər Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını, birbaşa olmasa da, təsdiqləyir. Bunu Avropa Şurasının üzvü olan iki dövlət - Ermənistan və Azərbaycan arasında davam edən münaqişəyə münasibətdə AŞ-nin obyektiv mövqe tutmağa çalışması kimi izah etmək olar. Lakin eyni zamanda, ümid etmək istərdik ki, Avropa Şurası təkcə öz mövqeyini bəyan etməklə kifayətlənməyərək, bu mötəbər beynəlхalq təşkilatın prinsiplərinə Ermənistanın əməl etməsinə nail olunması üçün müvafiq konkret addımlar da atacaqdır.
Əsgər Əliyev
AZƏRTAC-ın хüsusi müхbiri
Strasburq